Məzmuna keç

Mirzə Nurulla xan Yekani

Vikipediya, azad ensiklopediya
Mirzə Nurulla xan Yekani
Mirzə Nurulla xan Ağa bəy oğlu Yekani
Doğum tarixi 1878(1878)
Doğum yeri
Vəfat tarixi 26 avqust 1947(1947-08-26) (68–69 yaşında)
Fəaliyyəti siyasətçi
Partiyası

Mirzə Nurulla xan Yekani və ya Nurulla xan Yekani Zare (1878, Yekan Kəhriz, Şərqi Azərbaycan ostanı – 26 avqust 1947) — İran Məşrutə hərəkatının fəal üzvü.

Mirzə Nurulla xan Ağa bəy oğlu 1878-ci ildə Mərəndin Yekan Kəhriz kəndində anadan olub.[1][2] İbtidai təhsilini doğulduğu kənddə alıb.[3] Daha sonra işləmək üçün Bakıya gəlib.[4] Burada Nəriman Nərimanovun rəhbərliyi ilə yaradılan İctimaiyyun-Amiyyun partiyasına üzv olub[5] və partiyanın Mərkəzi Komitəsinin üzvü seçilib.[4][6]

Məşrutə hərəkatında

[redaktə | vikimətni redaktə et]

Məşrutə hərəkatı başladıqdan sonra 1907-ci ildə Təbrizə gəlib və hərəkata qoşulub.[1][7][8] Burada Əli Müsyo və Məhəmməd Xiyabani ilə tanış olub.[9] Daha sonra Qoçəli xan, Baxşəli xan və Şirəli xan qardaşları ilə birləşərək şah dəstəkçilərinə qarşı müabrizəni davam etdirib.[10][11] 1908-ci il noyabrın 21-də Nurulla xan Yekani və Qoçəli xanın başçılıq etdiyi dəstələr Ələmdardan hərəkət edərək Xoyun Evoğlu kəndinə toplandılar.[11] Onların Xoya hücumunun qarşısını almaq üçün göndərilmiş şah dəstəkçisi olan dəstələr isə Bilvar kəndinə yerləşdilər. Nurulla xanın və Qoçəli xanın dəstələri Bilvarda yerləşən şah dəstəkçilərinə hücum etdilər eyni vaxtda Heydər xan Əmioğlu da Xoyda üsyana başladı. Noyabrın 26-da şah dəstəkçisi olan qüvvələr məğlub edildilər və şəhər azad olundu.[8][12] Yoldaşları ilə birlikdə Xoyda "Mükafat" qəzetini nəşr etdirməyə başlayıb.[13][14]

1909-cu ilin may ayında Təbrizdəki təbəələrinə ərzaq bəhanəsi ilə Təbrizə getmək istəyən rus qoşunu Culfa körpüsünə çatanda Mirzə Nurulla xan öz dəstəsi ilə birgə onların qabağını kəsib.[15][16] Sayları az olsa da onlarla sona qədər vuruşacağını və əgər körpünü keçməyə cəhd etsələr körpünü partladacağını deyib. Azərbaycan Əyalət Əncüməninin icazəsindən sonra onların hərəkətinə mane olmayıb.[17][15] 1910-cu ildə Tehrana gedən Səttarxanı müşayiət edib.[18][19] Atabəy parkı hadisəsindən sonra Səttarxanın istəyi ilə Təbrizə qayıdıb.[17]

1911-ci ildə Təbrizi işğal etmiş rus qoşununa qarşı Əmir Heşmət Neysəri ilə birlikdə 4 gün döyüşüb. Daha sonra Siqqətülislamın tapşırığı ilə bir neçə silahdaşı ilə birlikdə Təbrizi tərk edib.[20] Döyüş yoldaşları ilə birlikdə İstanbula gəlib.[21] Burda bir müddət ticarətlə məşğul olub. Daha sonra yoldaşları ilə birlikdə Osmanlı hökuməti tərəfindən İstanbulda açılmış Polis Məktəbinə daxil olub və buranı bitirib.[21][17] Birinci Dünya müharibəsində iştirak edib.[21] Təbrizə geri qayıtdıqdan sonra Təbrizdə polis idarəsində işləməyə başlayıb.[22] Burda işlədiyi müddətdə Yekan mahalında öz pulu ilə bir neçə məktəb açıb.[21]

Xiyabani hərəkatında

[redaktə | vikimətni redaktə et]

1917-ci ilin aprel ayına İran Demokratik Partiyasının Azərbaycan Vilayət Komitəsinin təsis konfransı keçirilib.[23] Konfransda Azərbaycanın bölgələrindən gəlmiş 480 nəfər iştirak edib. Bir neçə gün çəkən müzakirədən sonra konfransda yeddi maddəlik bir qərar qəbul edilib.[23] Burada Nurulla xan Yekaninin də rəhbərlik etdiyi Azərbaycan Demokrat Firqəsinin yaradıldığı elan olunub.[24][23] 1920-ci ildə baş tutmuş Xiyabani hərəkatında iştirak edib.[25][26][27] 1920-ci ilin iyunun 24-də Şeyx Məhəmməd Xiyabaninin qurduğu Milli Hökumətin Rəyasət Heyətinə seçilmiş 20 nəfərdən biri olub.[28][29][30]Azadıstan dövləti qurulduqdan sonra Nurulla xan Yekani Təbriz polis rəisi təyin olunub. Azərbaycanı tərk edərkən vəhşilik edən rus qoşunlarının qarşısın almaq məqsədilə Şeyx Məhəmməd Xiyabani Nurulla xan Yekaninin rəhbərlik etdiyi dəstəni Şərəfxanaya göndərib. O bura gəldikdən sonra ruslardan qalan silahları eləcə də ərzaq məhsullarını ələ keçirib Təbrizə göndərib.[31] Urmiyada üsyan qaldırmış aysorlar və ermənilər Şərəfxana limanını ələ keçirmək üçün hücuma keçirlər. Nurulla xanın rəhbərlik etdiyi qüvvələr onları məğlub edib bir çoxunu əsir götürürlər. Daha sonra isə onlar Urmiya, Xoy və Salmas şəhərlərini üsyançılardan təmizləyirlər.[17] Xiyabani hərəkatı yatırıldıqdan sonra Nurulla xan Yekani həbs olunub.[25] Bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.[26]

Digər hərəkatlarda

[redaktə | vikimətni redaktə et]

Azadlığa çıxdıqdan sonra bir neçə yoldaşı ilə birlikdə Xorasana gedib və Azadlıq uğrunda Mübarizlər Komitəsinə üzv olub.[32][33] Burada Məhəmmədtağı xan Püsyanın rəhbərliyi ilə baş tutmuş üsyanda iştirak edib.[34][26] Hərəkat yatırıldıqdan sonra Təbrizə qayıdıb və 1922-ci ildə başlamış Lahuti hərəkatına qoşulub.[33][35][26] Hərəkat məğlub olduqdan sonra həbs olunub[32] və Yekan mahalında açdığı məktəblər bağlanıb.[21] Daha sonra Yekan mahalından çıxmamaq şərtilə həbsdən azad olunub.[36][37]

1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular.[38][39][40] 1941-ci il sentyabrın 17-də Rza şah taxtından imtina edərək İranı tərk etdi.[41][42] Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı.[43][44] Nurulla xan Yekani 1941-ci ildə Tudə Partiyası qurulduqdan sonra ora üzv olub və Mərənd, Xoy[45] və Salmas bölgələrində partiya təşkilatlarının yaradılmasında iştirak edib.[46][37] 1944-cü ildə Tudə Partiyasının Xoy Vilayət Komitəsinin sədri seçilib.[37][47] 1945-ci ildə Tudə Partiyasının Azərbaycan təşkilatının konfransı keçirilib. Nurulla xan Yekani bu konfransın açılışını edib.[37] Bu konfransa gizli səsvermə yolu ilə partiyanın Azərbaycan təşkilatının Əyalət Komitəsinə, Rəyasət heyətinə və Təftiş komissiyasına seçkilər keçirilib.[37][48] Ən çox səs alan 5 nəfərdən biri də Nurulla xan Yekani olub.[48]

21 Azər hərəkatında

[redaktə | vikimətni redaktə et]

Azərbaycan Demokrat Firqəsinin yaradılmasında iştirak edib[49] və firqənin Xoy komitəsinin sədri olub.[27][50][51][52] Bundan başqa partiyanın Mərkəzi Təftiş Komissiyasının üzvü olub.[53][54] 1945-ci il oktyabrın 2-də Təbriz şəhərində Azərbaycan Demokrat Firqəsinin təşkilatlarından seçilmiş nümayəndələrin o cümlədən də Nurulla xan Yekaninin iştirakı ilə firqənin birinci qurultayı keçirilib.[55][56] 1945-ci il noyabrın 8-də Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin iclası baş tutub.[57] Bu iclasda fədai dəstələrinin yaradılması haqda qərar qəbul edildi.[57][58] Xoyda fədailərin toplanmasına Nurulla xan Yekani rəhbərlik edib.[59] 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb.[60][61][62] Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı.[63][64] Nurulla xan Yekani də Milli heyətə seçilən 39 nəfərdən biri olub.[65][54][66] 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[63][58][67] Xoyda keçirilən seçkilər nəticəsində Nurulla xan Yekani səs toplayaraq Azərbaycan Milli Məclisinə Xoydan nümayəndə seçilib.[51][21]

1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub.[68] Salamulla Cavid Azərbaycan Milli Hökumətinin Daxili İşlər naziri kimi təsdiq olunduqdan sonra Nurulla xan Yekani və Möhsün Milaniyanı özünə müavin təyin edib.[69][53][37][70] Xoy komitəsinin sədri olduğu dövrdə Xoy şəhərinə su çəkilib, kimsəsi uşaqlar üçün uşaq evi[71] və yeni məktəblər açılıb.[72][37][51] Açılan yeni məktəblərdə təhsil alan uşaqların məktəbli geyimləri Nurulla xan Yekaninin hesabına təmin olunurdu.[17] Bu məktəblərdə bir müddət Cabbar Bağçaban da dərs deyib.[17] Bundan başqa şəhər ətrafında olan bataqlıqlar qurudulub. Xoy şəhərində Şəhrabani küçəsində 700–800 tamaşaçı yeri olan teatr açılıb.[17] Azərbaycan Milli Hökumətinin son aylarında Urmiya şəhərinin polis rəisi təyin edilib.[27][33][72][37]

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı.[73][74] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[75] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[76][77] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[75][78][79] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[77][80] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[75][81] Lakin bu istəyi cavabsız qaldı.[82]

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[83][84][85] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[86][87] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[87] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[86][87] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[86][88] Azərbaycan Milli Hökuməti süqut etdi.[89] [90] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[91][92] Bundan sonra da qırğınlar və talan davam etdi.[88][91] Minlərlə insan həbs olundu, sürgün edildi.[93] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[94][95][96] Nurulla xan Yekani də həbs olunub.[97] Həbsxanada işgəncələrə məruz qalıb və dabanlarına mismarlar vurulub.[33][98][99] 1947-ci il avqustun 26-da Urmiyada[100] dar ağacından asılıb.[98][101][102][103] Edamdan qabaq Səttarxana həsr edilmiş şeir deyib.[104][105][106]

Nurulla xan Yekaninin nəşi Urmiyada yaşayan yekanlılar tərəfindən təhvil alınıb və Ağa İbrahim qəbiristanlığında dəfn olunub.[99]

Atası Ağabəy Zeynəb xanımla ailə qurub. Bu evlilikdə Mirzə Nurulla, Mirzə Məhəmmədəli və Həlimə adlı övladları dünyaya gəlib.[21]

Nurulla xan Yekani 3 dəfə evli olub. İlk dəfə Zöhrə xanımla ailə qurub. Bu evlilikdən Zəkiyə, Məlahət, Mehparə adlı qızları, Mehrəli xan, İskəndər xan, Firuz xan adlı oğulları olub. İkinci dəfə Mələk xanımla ailə qurub. Bu evlilikdən övladları olmayıb. Üçüncü dəfə Fatma xanımla ailə qurub. Bu evlilikdən isə Zeynəb və İranduxt adlı qızları dünyaya gəlib.[17]

  1. 1 2 Müciri, 1962. səh. 1
  2. ↑ Fəthi, 2015. səh. 17
  3. ↑ Yekani Zare, 2004. səh. 16
  4. 1 2 Fəthi, 2015. səh. 19
  5. ↑ Cənubi Azərbaycan tarixinin oçerki, 2021. səh. 168
  6. ↑ Yekani Zare, 2004. səh. 20
  7. ↑ XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar, 1990. səh. 46
  8. 1 2 Cənubi Azərbaycan tarixinin oçerki, 2021. səh. 205
  9. ↑ Görkəmli Azərbaycan pedaqoqu Mirzə Cabbar Əsgərzadə Bağçaban və ana dilimizdə yaratdığı bədii əsərlərdən örnəklər (PDF) (az.). 12. 24 noyabr 2025 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 may 2025.
  10. ↑ Yekani Zare, 2004. səh. 61
  11. 1 2 Fəthi, 2015. səh. 22
  12. ↑ میرعرب, دکتر علی. "فتح خوی توسط مشروطه خواهان در سال 1326ق / 1287ش". مجله اینترنتی همیار (fars). 7 yanvar 2025. İstifadə tarixi: 10 aprel 2025.
  13. ↑ مدیر. "میرزا نوراله خان یکانی - تبلیغات ارومیه". اروم وب مجله اینترنتی ارومیه (fars). 17 dekabr 2018. 16 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2025.
  14. ↑ Yekani Zare, 2004. səh. 80
  15. 1 2 Yekani Zare, 2004. səh. 18
  16. ↑ D.Clark, James. Constitutionalists and Cossacks: The Constitutional Movement and Russian Intervention in Tabriz, 1907–11 (ingilis). 39. Cambridge University Press / Iranian Studies. 2006. 212. eISSN 6-30-2006 (#bad_issn). 8 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2025.
  17. 1 2 3 4 5 6 7 8 Həmraz, Rza. "سـرهنـگ نـوراله خان يكاني". rezahamraz.com. 19 noyabr 2014. Archived from the original on 19 noyabr 2014. İstifadə tarixi: 10 aprel 2025.
  18. ↑ Cənubi Azərbaycan tarixinin oçerki, 2021. səh. 228
  19. ↑ Yekani Zare, 2004. səh. 35
  20. ↑ Cənubi Azərbaycan tarixinin oçerki, 2021. səh. 235
  21. 1 2 3 4 5 6 7 Yekani Zare, 2004. səh. 17
  22. ↑ Yekani Zare, 2004. səh. 95
  23. 1 2 3 Ələkbərli, 2021. səh. 282
  24. ↑ Rəhimli, Əkrəm. "Хiyabani hərəkatı – 90". Günaz.tv (az.). 20 oktyabr 2021. İstifadə tarixi: 15 aprel 2025.
  25. 1 2 Yekani Zare, 2004. səh. 55
  26. 1 2 3 4 Müciri, 1962. səh. 2
  27. 1 2 3 Fərhadov, 2024. səh. 46
  28. ↑ Ələkbərli, 2021. səh. 290
  29. ↑ Tağıyeva,Rəhimli,Bayramzadə, 2000. səh. 188
  30. ↑ Bayramzadə, Səməd. "1920-ci il Təbriz üsyanı". Azərbaycan Ruznaməsi (az.). 6 aprel 2021. 27 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 aprel 2025.
  31. ↑ Yekani Zare, 2004. səh. 86
  32. 1 2 "به یاد مبارز کهنسال و قهرمان شکنجه‌گاه‌ها، نورالله خان یکانی". adfmk.com. 2 dekabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 mart 2025.
  33. 1 2 3 4 Həqqi, 2001. səh. 118
  34. ↑ Yekani Zare, 2004. səh. 29
  35. ↑ Yekani Zare, 2004. səh. 30
  36. ↑ Yekani Zare, 2004. səh. 32
  37. 1 2 3 4 5 6 7 8 Müciri, 1962. səh. 3
  38. ↑ Atabaki, 2000. səh. 64
  39. ↑ "WW2 People's War - Fact File : Persia Invaded". www.bbc.co.uk. 25 fevral 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2025.
  40. ↑ "World War II - Pacific, Japan, Allies | Britannica". www.britannica.com (ingilis). 7 mart 2025. 14 avqust 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2025.
  41. ↑ Ələkbərli, 2021. səh. 113
  42. ↑ Atabaki, 2000. səh. 65
  43. ↑ Məmmədli, 2009. səh. 99
  44. ↑ Əmirov, 2000. səh. 13
  45. ↑ Çeşmazər, 1986. səh. 36
  46. ↑ Yekani Zare, 2004. səh. 25
  47. ↑ Həsənov, 2004. səh. 65
  48. 1 2 Həsənli, 2023. səh. 195
  49. ↑ Rəhimli, 2003. səh. 63
  50. ↑ Həsənov, 2007. səh. 561
  51. 1 2 3 Mərəndli, 2017. səh. 317
  52. ↑ Həsənov, 2004. səh. 119
  53. 1 2 Yekani Zare, 2004. səh. 33
  54. 1 2 Çeşmazər, 1986. səh. 70
  55. ↑ Yekani Zare, 2004. səh. 59
  56. ↑ Vilayi, 1975. səh. 8
  57. 1 2 Həsənov, 2004. səh. 125
  58. 1 2 Şəmidə, 1961. səh. 139
  59. ↑ Pişəvəri, 2005. səh. 227
  60. ↑ Atabaki, 2000. səh. 113
  61. ↑ Həsənli, 1998. səh. 269
  62. ↑ Pişəvəri, 2005. səh. 255
  63. 1 2 Atabaki, 2000. səh. 114
  64. ↑ Həsənli, 1998. səh. 272
  65. ↑ Həsənli, 1998. səh. 273
  66. ↑ "Azərbaycan" qəzeti I, 2022. səh. 607
  67. ↑ Həsənov, 2004. səh. 139
  68. ↑ İbrahimov, 1948. səh. 32
  69. ↑ "Azərbaycan" qəzeti II, 2020. səh. 1155
  70. ↑ Çeşmazər, 1986. səh. 71
  71. ↑ Yekani Zare, 2004. səh. 78
  72. 1 2 Yekani Zare, 2004. səh. 43
  73. ↑ Rəhmanifər, Məhəmməd. "Güney Azərbaycanda Milli Hökumətin süqutundan sonra nələr yaşandı?". Apa.az (az.). 4 yanvar 2015. 4 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2025.
  74. ↑ Həsənli, 2006. səh. 437
  75. 1 2 3 Həsənli, 2006. səh. 438
  76. ↑ Rəhimli, 2009. səh. 106
  77. 1 2 Hasanli, 2006. səh. 366
  78. ↑ Atabaki, 2000. səh. 172
  79. ↑ Sultanlı, 2010. səh. 83
  80. ↑ Rəhimli, 2003. səh. 143
  81. ↑ Rəhimli, Əkrəm. Pişəvəri S.C. Məqalə və çıxışlarından seçmələr (Təbriz 1945-1946-cı illər) (az.). Bakı: Nurlar nəşriyyatı. 2016. 415. ISBN 9789952504444. 23 aprel 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2025.
  82. ↑ Həsənli, 2006. səh. 441
  83. ↑ Rossow, 1956. səh. 30
  84. ↑ Rəhimli, 2003. səh. 149
  85. ↑ Hasanli, 2006. səh. 370
  86. 1 2 3 Hasanli, 2006. səh. 373
  87. 1 2 3 Balayev, 2018. səh. 36
  88. 1 2 Duqlas, Vilyam. Strange lands and friendly people (ingilis). Nyu-York: Harper & Brothers Publishers. 1951. 45. 31 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2025.
  89. ↑ Lenczowski, George. United States' Support for Iran's Independence and Integrity, 1945–1959 (ingilis). 401. Annals of the American Academy of Political and Social Science. 1972. 49. doi:10.1177/000271627240100106. ISSN 0002-7162. 12 mart 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2025.
  90. ↑ Həsənli, 2006. səh. 445
  91. 1 2 Həsənli, 2006. səh. 448
  92. ↑ McEvoy, Joanne; O'Leary, Brendan. Power Sharing in Deeply Divided Places. Filadelfiya: University of Pennsylvania Press. 2013. 191. ISBN 9780812245011.
  93. ↑ Hasanli, 2006. səh. 375
  94. ↑ Balayev, 2018. səh. 137
  95. ↑ Əmirov, 2000. səh. 51
  96. ↑ Əliqızı, 2001. səh. 24
  97. ↑ Mərəndli, 2017. səh. 173
  98. 1 2 Mərəndli, 2017. səh. 177
  99. 1 2 Yekani Zare, 2004. səh. 37
  100. ↑ Bayramzadə, 2015. səh. 181
  101. ↑ Müciri, 1962. səh. 4
  102. ↑ Şəmidə, 1961. səh. 164
  103. ↑ İsmayılov, Güləddin. "Şəhid Mirzə Nurulla xan Yekani". Azərbaycan Demokrat Firqəsi. 5 may 2022. 29 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2025.
  104. ↑ "525-ci qəzet - Urmiya-Türkün beşiyi, sevgi ocağı..." 525.az. 13 fevral 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2025.
  105. ↑ İbrahimov, 1948. səh. 44
  106. ↑ Xəndan, Cəfər. Uğur yolu (az.). Bakı: Azərnəşr. 1987. 144. 14 may 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2025.


Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]