Məzmuna keç

Mir Cəfər Bağırov

Vikipediya, azad ensiklopediya
Mir Cəfər Bağırov
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
10 dekabr 1933 – 18 aprel 1953
ƏvvəlkiRuben Rubenov
SonrakıMir Teymur Yaqubov
18 aprel 1953 – 17 avqust 1953
ƏvvəlkiTeymur Quliyev
SonrakıTeymur Quliyev
10 dekabr 1933 – 1950
SonrakıRzaquliyev
Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Zaqafaziya Diyar Komitəsinin üçüncü katibi
dekabr 1933 – 15 yanvar 1934
Birinci katibLavrenti Beriya
ƏvvəlkiRuben Rubenov
SonrakıVəzifə ləğv edildi.
23 oktyabr 1932 – 12 dekabr 1933
ƏvvəlkiDadaş Bünyadzadə
SonrakıHüseyn Rəhmanov
Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri
7 sentyabr 1929 – 6 avqust 1930
ƏvvəlkiNovruz Rizayev
SonrakıMixail Frinovski
7 avqust 1926 – 22 may 1927
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıNovruz Rizayev
Zaqafqaziya Su Təsərrüfatı İdarəsinin rəisi
May 1927 – ?
7 avqust 1926 – 22 may 1927
SədrQəzənfər Musabəyov
Azərbaycan SSR xalq daxili işlər komissarı
5 oktyabr 1921 – 1926
ƏvvəlkiHəmid Sultanov
SonrakıƏli Məmmədov
10 fevral 1921 – 7 avqust 1926
ƏvvəlkiEyyub Xanbudaqov
SonrakıVəzifə ləğv edildi.
Dağlıq Qarabağ Vilayət İnqilab Komitəsinin sədr müavini
1920 – 1920
Şəxsi məlumatlar
Doğum tarixi 5 (17) sentyabr 1895(1895-09-17)
Doğum yeri
Vəfat tarixi 26 may 1956(1956-05-26) (60 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllələnmə[d]
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi
Uşaqları
Hərbi xidmət
Döyüşlər Rusiyada vətəndaş müharibəsi:
• Mamontovun süvari reydi
• Mart soyqırımı
• Qarabağda üsyanın yatırılması
Gizli Müsavatın dağıdılması (1920-1926)
İran böhranı (1946)

Təltifləri "Lenin" ordeni — 1935 "Lenin" ordeni — 1942 "Lenin" ordeni — 1943 "Lenin" ordeni — 1946 "Lenin" ordeni — 1946 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1945 "Qırmızı əmək bayrağı" ordeni — 1940 "Qırmızı bayraq" ordeni — 1924
ÜFK-DSİ-nin fəxri işçisi (XV) — 1933 "Qırmızı əmək bayrağı" ordeni — 1922
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mircəfər Abbas oğlu Bağırov (5 (17) sentyabr 1895, Quba, Bakı quberniyası – 26 may 1956, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953); Azərbaycan SSR Nazirlər Sovetinin sədri (aprel–avqust 1953); Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1933–1950), Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan Fövqəladə Komissiyasının sədri (1921–1926).

Onun hakimiyyət illəri Stalinin Böyük təmizləmə kampaniyası illərinə təsadüf edir. Onun adı Sovet ədəbiyyatında adətən 1930-cu illərin kütləvi repressiyaları ilə əlaqədar hallanır, adətən 1937-38 illərdəki repressiyalarda Bağırovun adı təşəbbüskar kimi göstərilir. Yenidənqurma dövrü və ondan sonrakı dövrün ədəbiyyatı M.Bağırovun baş verənlərə görə məsuliyyət dərəcəsinin aydın tərifini heç vaxt vermədi[1]. Azərbaycanın rəhbəri olduğu iyirmi il ərzində onun özü bütün təmizləmələrdən yan keçə bildi və müxtəlif xarakterli siyasi təhlükələri kifayət qədər uğurla dəf etdi[2]. İsveçli politoloq Svante Kornel onu "azərbaycanlı Stalin", Sovet-Rusiya tarixi professoru D.Y.Furman isə "azərbaycanlı Beriya" adlandırmışdır.[3]

26 aprel 1956-cı ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-2 və 70-ci maddələri ilə məhkum edilmiş, həmin il mayın 26-da isə güllələnmişdir[4].

Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində atası Mirabbas və anası Yaxşı xanımın kiçik övladı kimi azərbaycanlı ailəsində dünyaya gəlmişdir. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur. Bağırovlar şiə müsəlmanı idilər, bunu adın qarşısındakı "Mir" prefiksi də sübut edir ki, islamın bu cərəyanının müəyyən nümayəndələri onu daşımaq hüququna malik idilər (bu prefiks atasının, bütün doğma əmilərinin və hətta ögey əmilərinin adında mövcuddur). Bəzən M.Bağırovun özü, ölkədə hökm sürən ateizm şəraitində seyid mənşəyini (Məhəmməd peyğəmbərin nəslindən olduğunu) bəyan etmək istəməyərək, anketləri doldurarkən adını yalnız "Cəfər" olaraq yazırdı.[5]

Bağırovun sosial mənşəyi axıra qədər aydın deyil. O, 1922-ci il tarixli siyahıyaalma sənədində ata tərəfdən babasının və atasının "əkinçi, tək-tənha təsərrüfat sahibləri" olduğunu yazmış, 1923-cü il tərcümeyi-halında isə "ən kasıb ailədə" doğulduğunu qeyd etmişdir. 1937-ci il kadrların uçotu üzrə şəxsi vərəqəsində isə valideynlərinin inqilabdan əvvəlki əsas məşğuliyyəti qrafasını "Kasıb kəndli" ifadəsi ilə doldurmuşdur. Bağırov yalnız bir anketdə anasının zadəgan qızı olduğunu qeyd etmişdir. E.İsmayılov isə Bağırovun anasının müflisləşmiş bəy ailəsindən ola biləcəyi ehtimalını irəli sürürdü.[5] 1954–1955-ci illərdə M.Bağırovun işi üzrə alınan ifadələr onun "Quba qəzasının ən nüfuzlu din xadimi"nin oğlu olduğuna dəlalət edirdi.[6].

Erkən yaşları

[redaktə | vikimətni redaktə et]

1907-ci ilə qədər M.Bağırov mollaxanada oxumuşdur. O qeyd edirdi ki, burada Quran, fars dili və ədəbiyyatı öyrədilirdi. 1907-ci ildə Bağırov üçillik Quba ibtidai məktəbində, daha sonra isə 1913-cü ildə bitirdiyi dördillik ali ibtidai məktəbdə təhsil almışdır. Elə həmin il onun atası vəfat edir. Bağırovun yazdığı kimi, "hər cür vəsaitin yoxluğu" təhsilini daha da davam etdirməyə mane olurdu. Buna baxmayaraq, o, dövlət hesabına Port-Petrovska ikiillik pedaqoji kurslara yollanır və bu kursları bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayır. 1915-ci ildə M. Bağırov əmək fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasındakı kənd məktəbində başlamışdır. 1915–1917-ci illərdə M. Bağırov Nəcəfkənd, Quba şəhər məktəblərində müəllimlik etmişdir.[5]

BSE 2-ci nəşrinə əsasən, M.Bağırov 1915-ci ildən inqilabi hərəkatda iştirak edib. 1950-ci illərdə öz işi üzrə istintaq olunarkən, Bağırov dindirilmə zamanı bolşeviklər partiyasına 1917-ci ilin martında Qubada daxil olduğunu bildirsə də, 16 noyabr 1920-ci ildə yenidən qeydiyyatdan keçərkən başqa məlumat qeyd etdiyi, qeydiyyat tarixini 1918-ci ilin iyun ayı, Bakı göstərdiyi məlum olub[7]. Sonda müstəntiqlər Bağırovun partiyaya qəbul olunduğu dəqiq tarixi və yeri müəyyən edə bilməyiblər[1].

QULAQ Tarixi Dövlət Muzeyinin direktoru işləmiş tarixçi A.Antonov-Ovseyenko "Beriya" adlı əsərində tamamilə fərqli və tam əks bir bioqrafiya təqdim etmişdir. O yazırdı ki, Mir Cəfər Bağırovun əsl adı məlum deyil və o, böyük qardaşının adını mənimsəyib. Müəllifin yazdığına görə, "həqiqi" Mir Cəfər Bağırov kənd müəllimi işləyib və bolşeviklərlə sıx bağlı olub, "kiçik" Bağırov isə Lenin ideyalarını bölüşməyərək o dövrdə müsavatçılara qoşulub. A.Antonov-Ovseyenkonun versiyasına görə, Bakıda "həqiqi" Mir Cəfər Bağırovu üzdən tanımırdılar. Azərbaycanda Sovet hakimiyyəti qalib gəldikdən sonra "kiçik Bağırov" böyük qardaşının yanına gedərək dağ dərəsində bədbəxt hadisə görüntüsü yaradaraq onu öldürüb. Öldürülən şəxsin sənədlərini mənimsəyən "saxta" Mir Cəfər Bağırov yerli Fövqəladə Komissiyaya (ÇK) komendantlıq əməkdaşı kimi işə qəbul olunub. Antonov-Ovseyenko Daxili İşlər Nazirliyinin general-leytenantı N.K.Boqdanovun prokurora verdiyi bu məlumatı sitat gətirir: "Bağırov etiraf edib ki, hələ 1917-ci ildən əvvəl doğma qardaşı ilə birlikdə çar hakimiyyətindən Cənubi Azərbaycana (İran) qaçıb. Böyük bir mübahisə zamanı Bağırov qardaşını öldürüb və onun sənədlərini ələ keçirib. Fevral inqilabından sonra o, vətənə qayıdıb. Öldürülən qardaşına çox bənzəməsi ona bu yalanı uzun müddət gizlətməyə imkan verib"[8]. Lakin bu gətirilən faktlar etibarlı mənbələrə əsaslanmır və bir çox faktlar müvafiq informasiya qaynaqları ilə təsdiqlənmir[5]. Üstəlik, Antonov-Ovseyenko özü də bu iki versiya arasındakı bəzi detalların uyğunsuzluğuna işarə edir, lakin mahiyyətin eyni, qardaş qətli olduğunu hesab etməyə meyil göstərir.

ÜİK(b)P MK qərarı ilə M. Bağırov 1930-cu ilin sentyabrında Moskvaya ÜİK(b)P MK yanında marksizm-leninizm kursunda oxumağa göndərilir. O, 1932-ci ilin fevralında kursu müvəffəqiyyətlə bitirmiş və ÜİK(b)P MK aparatında məsul təlimatçı təyin edilmişdir.

Şəxsi həyatı

[redaktə | vikimətni redaktə et]

Mircəfər Bağırov doğma Azərbaycan dili ilə yanaşı ləzgi və rus dillərini də təmiz bilirdi[5]. MKİ-nin məlumat kitabında Bağırov haqqında belə yazılmışdı:

Bağırov içki içir, siqaret çəkir və insanlarla asanlıqla ünsiyyət qururdu. O, nəzəriyyəçi deyil, işgüzar və təşkilatçı idi. Beriyadan sonra Daxili İşlər Nazirliyinin fəaliyyətinə ən yaxşı bələd olan şəxs Bağırov idi. Stalini və Beriyanı sevən Bağırov Şərq siyasətçiliyinin parlaq nümayəndəsi idi. O, Yaxın və Orta Şərqi, orada yaşayan xalqların tarixini və psixologiyasını yaxşı bilirdi. Bağırov İranda, Cənubi Azərbaycanda və Yaxın Şərqin ərəb dövlətlərində SSRİ-nin təxribat xarakterli işlərinin baş təşkilatçısı idi. Sovet kəşfiyyatı bu bölgədə onunla sıx təmasda fəaliyyət göstərirdi.[9]

Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən 1918-ci ildə orada tibb bacısı işləyən Mariya Serqeyeva adlı sadə bir qızla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat etmişdir.[10]

M.Bağırov 1930-cu ildə milliyyətcə yəhudi olan Yevgeniya Mixaylovna Qelman ilə ailə qurur və bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir (Vladimir) aviasiya məktəbində təhsil almış, İkinci dünya müharibəsində pilot kimi iştirak etmiş və 1943-cü ildə döyüş əməliyyatında həlak olmuşdur. Digər oğlu professor, elmlər doktoru Cen Bağırov isə Bakıda 10-cu sinifə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukovski adına Aviasiya Akademiyasında təhsil almış, 1953-cü ildən isə təhsilini Kənd Təsərrüfatı İnstitutunda davam etdirmişdir. 39 yaşında olarkən doktoranturanı bitirən Cen daha sonra elmi fəaliyyətlə məşğul olur. 1994-cü ildə Moskvada vəfat etmişdir. Yevqeniya Bağırova isə 1997-ci ildə vəfat edib. M.Bağırovun yeganə nəvəsi, Cen Bağırovun oğlu Mircəfər Bağırov isə Moskvada dərmançılıq sahəsində işləmiş, 27 yaşında ikən Hindistana ezamiyyəti zamanı 2005-ci ildə avtomobil qəzasında həyatını itirmişdir.[10]

Rusiyada inqilab və vətəndaş müharibəsi

[redaktə | vikimətni redaktə et]

1917-ci il Fevral inqilabı dövründə M. Bağırov inqilabi fəaliyyətə başlamış, Qubada əsgər və kəndli deputatları sovetinin yaradılması, fəhlə və kəndli ittifaqının möhkəmlənməsi kimi bir sıra işlərdə iştirak etmişdir. Fevral 1917-ci ildən 1918-ci ilin payızına qədər olan dövr Bağırovun bioqrafiyasında ən qeyri-müəyyən dövr olaraq qalır. Fevral inqilabından sonra o, Quba şəhərinin ikinci (yəhudi) hissəsinin komissarı təyin edildi.[1] Məlumdur ki, o, 1917-ci ildə Quba qəza komissarı, böyük mülkədar, kapitan Əli bəy Zizikskinin müavini olub və Bağırovun öz sözlərinə görə, sentyabr ayına qədər bu vəzifədə çalışıb.[7] Qlavlit (Ədəbiyyat və Nəşriyyat İşləri Üzrə Baş İdarə) əməkdaşı, Bağırovun ifşası ilə məşğul olmuş və buna görə repressiyaya məruz qalmış SSRİ DTN (Dövlət Təhlükəsizlik Nazirliyi) təqaüdçüsü Sadıq Qafarlının ifadəsinə görə: «…birinci imperialist müharibəsi zamanı Bağırov çar ordusunda, Vəhşi diviziyada xidmət edib…»[11].

1917-ci il noyabrın 15-də Petroqradda Müvəqqəti Hökumətin devrilməsindən bir həftə sonra, Bakıda Bakı Fəhlə, Kəndli və Əsgər Deputatları Soveti (Bakı Soveti) yaradıldı. 1918-ci ilin yazına doğru şəhərdəki müxtəlif siyasi qüvvələr arasındakı qarşıdurma öz kulminasiya nöqtəsinə çatdı. 1918-ci ilin martında bolşeviklərdən və sol eserlərdən ibarət Bakı Soveti, erməni "Daşnaksutyun" partiyasının silahlı dəstələrinin və sağ eserlərin dəstəyi ilə yerli müsəlmanlara qarşı törədilmiş qırğınlar nəticəsində Bakıda öz hakimiyyətini bərqərar etdi. Tezliklə bolşevik D. Qelovaninin başçılıq etdiyi dəstənin daxil olduğu Qubada bolşeviklərlə yerli ləzgilər arasında döyüşlər başladı və bu döyüşlər bolşevikləri şəhəri tərk etməyə məcbur etdi. Onların ardınca oradakı ermənilər də şəhərdən getdilər. Aprel ayında bura Amazasp Srvantsyan və bolşevik komissar Venuntsun komandanlığı altında böyük bir daşnak dəstəsi hücum etdi. Bura "öldürülən ermənilərin qisasını almaq" üçün gəldiyini deyən Amazasp bəyan etdi ki, ona "Xəzər sahillərindən Şahdağa qədər bütün müsəlmanları məhv etmək" əmr olunub[12]. Amazaspın quldur dəstələri tərəfindən Quba rayonunda 122 kənd yandırıldı.[12] M.Bağırovun özü də bu dəstənin tərkibində idi. Bu barədə xatırlayarkən o yazırdı: "Böyük təəssüfümə rəğmən, iradəmdən kənar şəkildə Qubada baş verən həmin o dəhşətli mənzərənin şahidi olmalı oldum... Mən hətta öz qohumlarımı belə xilas edə bilmədim. 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu Mir Haşım, kürəkəni Hacı Heybət və bir sıra digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər".[1] Onu oraya gətirib çıxaran səbəblər barədə o, 1954-cü ildə SSRİ Baş Prokuroru Roman Rudenkonun apardığı dindirilmə zamanı belə izahat verirdi:

Mən bu dəstəyə Bakı Xalq Komissarları Sovetinin Dağıstandakı fövqəladə müvəkkili yoldaş Naneyşvilinin əmri ilə qoşulmuşdum; o, bir kommunist kimi mənə daşnaklar tərəfindən daha az vəhşilik törədilməsinə nəzarət etməyi tapşırmışdı. Mən bu dəstədə təxminən bir həftə qaldım. Bu dəstə Bakı Xalq Komissarları Soveti tərəfindən Qubanı azad etmək üçün göndərilmişdi. Doğrudur, bu bir həftə ərzində daşnaklar çoxlu günahsız insanı qətlə yetirdilər[7].

1918-ci ilin mart-may aylarından sonra M. Bağırov gizli fəaliyyətə keçir və Bakıya gəlir. Bakıda sovet hakimiyyəti 1918-ci ildə devrilir və M. Bağırov bu zaman Petrovun dəstəsinin qalıqları ilə birlikdə Həştərxana gedir.

Bağırov 1919-cu ilin mart ayında Moskvada keçirilən I Kommunist Beynəlmiləl Konqresində iştirak etmiş və məşvərətçi səs hüququna sahib olan Azərbaycan kommunistlərini təmsil etmişdir[13].

Həştərxandakı fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

1918–1920-ci illərdə M. Bağırov Həştərxanda dəmir polkun partiya kollektivinin katibi, Birinci müsəlman polkunun hərbi komissarı, XI Ordunun Hərbi İnqilab Şurasının tapşırıqlarını yerinə yetirən işçi, xüsusi təyinatlı dəstənin hərbi komissarı, Qafqazda sovet hakimiyyəti qurulması üzrə Qafqaz bürosunun əməkdaşı, Qafqaz korpusu hərbi inqilabi şurasının müvəkkili vəzifələrində çalışmışdır.

Buradakı fəaliyyətinə görə 1920-ci ilin əvvəllərində RSFSR MİK tərəfindən Qırmızı bayraq ordeni ilə mükafatlandırılmışdır.

Dağlıq Qarabağdakı fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra M. Bağırov Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən Dağlıq Qarabağa göndərilir. O Dağlıq Qarabağ vilayət inqilab komitəsi sədrinin müavini və XI ordunun Hərbi inqilabi şurasının müvəkkili kimi[14] fəaliyyət göstərmiş və burada Azərbaycan ordusu hissələrinin tərkibində, Qarabağ qiyamının yatırılması prosesində iştirak etmişdir.

XI ordunun Hərbi İnqilabi Şurasının sərəncamında

[redaktə | vikimətni redaktə et]

1920–1921-ci illərdə XI ordunun Hərbi İnqilabi Şurasının sərəncamında olan M. Bağırov II briqadanın komandiri, I atıcı diviziyanın hərbi tribunalının, XI ordu Hərbi tribunalının səyyar sessiyasının sədri, Azərbaycan diviziyasının hərbi komissarı vəzifələrində çalışmışdır.[mənbə göstərilməlidir]

Sonrakı fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

M. Bağırov 1921-ci il aprelin 2-də AzFK sədri təyin edilmiş ardınca, Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə seçilmişdir. O bu vəzifədə 1927-ci ilin sentyabrın ortalarına kimi çalışmışdır.[15] Bağırov eyni zamanda bu illərdə AzFK sədri olmaqla yanaşı, Azərbaycan Xalq Daxili İşlər Komissarı və Azərbaycan SSR XKS sədrinin müavini vəzifələrini də daşımışdır.[1407 gündür mənbəsizdir]

1927–1928-ci illərdə Tiflis şəhərinə göndərilən M. Bağırov orada Zaqafqaziya su təsərrüfatı idarəsinin, 1928–1929-cu illərdə isə Zaqafqaziya kənd təsərrüfatı idarəsinin sədri vəzifəsində çalışmışdır.

Bağırov 1929-cu ilin sentyabrında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri təyin edilmiş və 1930-cu ilin sentyabrına kimi bu vəzifədə çalışmışdır.

Mircəfər Bağırov 1932-ci ilin axırlarında yenidən Bakıya göndərilir və həmin ilin oktyabrından 1933-cü ilin dekabrınadək Azərbaycan SSR Xalq Komissarları Sovetinə sədr təyin olunur.

İndiki Heydər Əliyev prospektində yerləşən və 1950-ci illərin əvvəlində tikilən Bağırov körpüsü (1960)[16]
Şəkil
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırov SSRİ Ali Sovetinə seçkilərdə səs verərkən. 3 Dekabr 1950-ci il.


1933–1953-cü illərdə M. Bağırov Azərbaycan Kommunist Partiyası MK və BK-nın birinci katibi vəzifəsini daşımışdır. Vəzifədə olduğu müddətdə bir sıra işlər görülmüşdür.

Çalışdığı dövrdə bir sıra sənaye müəssisələrinin yaradılmasında müəyyən rolu olmuşdur. Buna misal olaraq, Bakı Elektrik maşınqayırma zavodu, Bakı Soyuducu kombinatı, Bakı biskvit fabriki, Qaradağ sement zavodu, Gəncə toxuculuq kombinatı, yağ-piy zavodu, Sumqayıt istilik elektrik stansiyası, Boru prokat zavodu və Sintetik kauçuk zavodu göstərilə bilər. Həmçinin bu dövrdə Lökbatan, Neft daşları, Zığ kimi neft yataqları kəşf olunmuş, Sumqayıt, Mingəçevir, Əli Bayramlı, Daşkəsən kimi yeni sənaye məntəqələri salınmışdır. [mənbə göstərilməlidir]

Bakıda Nazirlər Kabinetinin binası, hökumət evi, Nizami adına kinoteatr, Şəhriyar adına mədəniyyət evi, xalça muzeyi, Respublika stadionu və s. tikilib istifadəyə verilməsi Bağırovun dövrünə təsadüf edir.[mənbə göstərilməlidir]

Mircəfər Bağırovun 1-ci katibliyi illərində Azərbaycan Elmlər Akademiyası və onun bir sıra institutları o cümlədən, Azərbaycan Politexnik İnstitutu istifadəyə verilmişdir.[mənbə göstərilməlidir]

İkinci Dünya müharibəsi

[redaktə | vikimətni redaktə et]

İkinci Dünya müharibəsi zamanı M. Bağırov ön cəbhəni yanacaqla təmin etmək üçün Bakıda neft çıxarılması prosesini sürətləndirmiş, lakin əsas neft təminatçısı olan şəhərin düşmənə qarşı aviasiya təhlükəsizliyinin təmin edilməsində ciddi müvəffəqiyyət göstərə bilməmişdir. Marşal Qeorgi Jukov "Xatirələr və düşüncələr" adlı kitabında bu məqama toxunmuş və sovet silahlı qüvvələrinin ölkənin cənubundakı neft rayonlarını qorumaq iqtidarında olmadığını ifadə etmişdir. Həmçinin müəllif 1939–1941-ci illərdə sovet hərbi təyyarələrinin 70 faizi texniki göstəricilərinə görə adi alman təyyarələrindən geri qaldığını bildirmişdir.[17]

Cənubi Azərbaycan məsələsi

[redaktə | vikimətni redaktə et]

Mircəfər Bağırov 1941-ci ildə Stalinə yazdığı məktubda, Polşa ərazilərinin Ukrayna və Belarusiya torpaqlarına birləşdirilməsi modelinə istinad edərək, İrandakı Azərbaycan əyalətlərinin Sovet Azərbaycanının tərkibinə daxil edilməsi təklifi ilə çıxış etmişdir.[18] SSRİ-nin Xarici İşlər üzrə Xalq Komissarı işləmiş Vyaçeslav Molotov da öz kitabında ovaxtkı Azərbaycan SSR rəhbərliyinin İranın azərbaycanlılar yaşayan hissəsinin Azərbaycana birləşdirilməsi üçün SSRİ rəhbərliyinə təzyiq göstərdiyini yazmışdı.[19]

DQMV məsələsi

[redaktə | vikimətni redaktə et]

1945-ci il noyabr ayının axırlarında M. Bağırov ÜIK(b)P MK katibi G. Malenkovdan bir məktub alır. Məktubda göstərilir ki, Ermənistan K(b)P MK katibi G. Arutunov ÜIK(b)P MK-da DQMV-in Ermənistan SSR-yə verilməsi məsələsinə baxılmasını təklif etmişdir. G. Malenkov Ermənistandan gələn məktubu M. Bağırova göndərmişdi. M. Bağırov məktubla tanış olduqdan sonra G. Malenkova 1945-ci il dekabrın 10-da cavab məktubu göndərmişdi. Məktubda DQMV yaradılması prosesi tarixi ətraflı göstərilməklə yanaşı qeyd olunurdu ki, DQMV Ermənistan SSR ilə həmsərhəd deyil, Ermənistan SSR ilə DQMV arasında əhalinin əksəriyyəti azərbaycanlılar olan Qubadlı, Kəlbəcər, Laçın, Dəstəfur (indiki Daşkəsən) rayonları yerləşir. M. Bağırov məktubda yazır:

"Eyni zamanda ÜIK(b)P MK nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-in Ermənistan SSR-in tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır… Eyni zamanda Gürcüstan SSR-in Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə qatılması məsələsinə də baxılmalıdır. Çünki əhalisi tamamilə azərbaycanlılardır və Azərbaycan SSR-lə bilavasitə yanaşıdır. Nəhayət, biz xahiş edirik, Dağıstan MSSR-in Dərbənd və Qasımkənd rayonları ərazisinin də Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılsın. Keçmişdə Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil idi. Bu rayonların əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və onların əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını Azərbaycan ərazisində yaşayırlar".[20].

Beriya ilə birlikdə

[redaktə | vikimətni redaktə et]

1929–1930-cu illərdə Bağırovun Çekadakı tabeçiliyində olan şəxslərdən biri də onun karyerasına himayədarlıq etdiyi gənc Lavrenti Beriya idi.[21] 1932-ci ildə hər üç Zaqafqaziya respublikasının (Azərbaycan, Ermənistan və Gürcüstan) rəhbəri təyin olunan Beriya, əvvəlcə Bağırovun Ümumittifaq Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Azərbaycandakı "məsul təlimatçısı", daha sonra isə Azərbaycan Kommunist Partiyasının rəhbəri təyin edilməsini təşkil etməklə bu yaxşılığın əvəzini ödədi. Beriyanın oğlu Serqo bu barədə öz kitabında belə yazırdı[22]:

Mənim atamın Azərbaycan Kommunist Partiyasının Birinci Katibi Cəfər Bağırovla münasibətləri əla idi. Bu iki insanın bir-birindən heç bir sirri yox idi. [...] Bu adam türk (Azərbaycan) və İran [orijinalda belədir] dillərində mükəmməl danışırdı, itizəkalı idi, ən müxtəlif vəziyyətlərdə tez istiqamət tapmağı bacarırdı və özünü neft sənayesindən yaxşı agah olan, bacarıqlı bir inzibatçı kimi göstərmişdi. O, içki içmirdi; nə Allaha, nə Şeytana, nə də xüsusilə kommunizmə inanırdı.

1953-cü il aprelin 18-də Azərbaycan KP MK-nın plenumu olmuş və plenumda bir sıra məsələlərlə yanaşı təşkilati məsələyə də baxılmışdır. Plenum M. Bağırovu Azərbaycan KP MK birinci katibi vəzifəsindən azad etmiş və Azərbaycan SSR Nazirlər Sovetinin sədri təsdiq etmişdir, lakin dövlətə xain çıxmış L. Beriya ilə əlaqədar olaraq bir neçə aydan sonra M. Bağırova da münasibət dəyişmişdir.

1953-cü il iyulun 12–13-də Azərbaycan KP MK və Bakı Komitəsinin birləşmiş VI plenumu olmuşdur. Həmin plenumda 989 nəfər, demək olar ki, respublikanın əksər rəhbər işçiləri iştirak etmişlər. VI plenumda L. Beriya və M. Bağırovun məsələsi geniş müzakirə olunmuşdur. Plenumun M. Bağırov haqqında qərarında yazılır:

"Beriya ilə əlaqədar yoldaş M. C. Bağırovun partiyaçıya yaraşmayan hərəkətlərini qəbul etmək və pisləmək. Beriya işi ilə əlaqədar partiyaçıya yaraşmayan hərəkətlərinə, partiya qarşısında qeyri-səmimiliyinə, öz işlərində böyük siyasi səhvlər buraxdığına görə M. Bağırovu Azərbaycan SSR Nazirlər Soveti sədri vəzifəsindən götürmək və onu Azərbaycan KP MK bürosunun tərkibindən çıxarmaq".

Lavrenti Pavloviç Beriya Müsavat Partiyasına işlədiyi, Musavatçı, əks-kəşfiyyatda olduğu iddia edilir. 1953-cü ildə güllələnən Beriyaya qarşı ittiham maddələrindən biri onun müsavatçı olması ilə bağlıdır[23][24]. Mircəfər Bağırovun 1920-ci illərdən Beriya ilə olan sıx münasibəti əsas gətirilərək Bağırovun bundan xəbəri olduğu güman edilirdi. Bu onun tutduğu vəzifələrdən azad edilərək həbs edilib, güllələnməsinə gətirib çıxarmışdır.

1954-cü il martın 13-də partiyadan çıxarılır[25][26]. Nəticədə Azərbaycandan xaricə təsərrüfat xarakterli işə göndərilmişdir. M. Bağırov 1953–1955-ci illərdə Kuybuşev neft idarəsi rəisinin müavini vəzifəsində çalışmışdır.

Repressiya dövründəki fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

1937-ci il avqustun 5-də SSRİ NKVD-si bir qərarı çıxarır. Həmin qərara 3 nəfər – SSRİ daxili işlər naziri Yejov, Mikoyan və Stalin qol çəkib. Qərarda yazılıb ki, müsavatçılar, ittihadçılar, sosial-demokratlar, hümmətçilər, eyni zamanda menşeviklər və daşnaklar güllələnməlidir.[23] Bundan sonra M. Bağırovun fəaliyyətində 1937–1938-ci illər qara ləkə kimi iz buraxmışdır. Çünki bu illərdə Azərbaycanın minlərlə millətsevər alimi, şair və yazıçısı, partiya, dövlət xadimi və s. həbs edilmiş və güllələnmişdir. Bu repressiya təkcə onun deyil, həmin dövrdə SSRİ məkanında partiya, sovet və s. təşkilatlarda çalışanların əksəriyyətinin həyatında bir qara ləkə olaraq qalır. Bu işdə M. Bağırovun günahı olsa da, o partiya əsgəri kimi Ümumittifaq KP MK və SSRİ hökumətinin göstərişlərini, tələblərini yerinə yetirmişdir. Çünki o dövrdə "vətən xainləri", "əksinqilabçıları", "xariclə əlaqələri olanları" tapıb üzə çıxarmaq müttəfiq respublikalarda adi hal olmuş və plana çevrilmişdi.

Ceyhun bəy Hacıbəyliyə görə 1937-ci ilin oktyabr ayında keçirilən məhkəmələr Azərbaycan Sovet rəhbərliyinin təmizlənməsinin ən qızğın vaxtı idi. Bağırovdan başqa bir çox şəxs vəzifələrindən azad edilmiş və həbs edilmişdilər. Ceyhun bəy bildirir ki, sadəcə həqiqi milliyətçilər deyil, stalinizmin marksizimlə eyni olmadığını sübut edə biləcək marksist mütəfəkkirləri də aradan götürürdülər. Beriya ilə yaxın dostluğu olduğu üçün Bağırovdan başqa demək olar ki, bir çox köhnə bolşeviklər ortadan qaldırılmışdılar. Ceyhun bəyin yazdıqlarına görə o, Bağırovu Azərbaycandakı represiyalara görə günahkar hesab etmirdi, Ceyhun bəy onu Beriya ilə olan yaxın əlaqələrinə görə xilas olmuş potensial qurban kimi görürdü, lakin Bağırov represiyanın təməlini hazırlayan partiya qurultaylarında və 1937–1938-ci illərdə keçirilən məhkəmələrdə öz rəqiblərini ləkələməkdən və onlara qarşı ittihamlar irəli sürməkdən geri çəkilmirdi.[27]

1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər, 10 gün ev dustağı olmuşdur.[23]

Həbs olunması və güllələnməsi

[redaktə | vikimətni redaktə et]

1955-ci ildə həbsə alınıb, istintaqa cəlb olunmuş, Bakıda 12 – 26 aprel 1956-cı il tarixdə keçirilmiş məhkəmədə məhkəmənin hökmü ilə ən ağır cəzaya – güllələnməyə məhkum edilmiş və rəsmi məlumata görə hökm yerinə yetirilmişdir. Mircəfər Bağırovun məhkəməsi indiki "Şəhriyar" klubunda keçirilmişdir. Nürnberqdə SSRİ-nin nümayəndəsi olmuş prokuror Roman Rudenko onun məhkəməsini aparmışdır.[28] M. Bağırovun bağışlanmaq haqqında sovet rəhbərliyinə müraciətləri rədd edilmişdir, lakin Sov. İKP MK siyasi bürosu iclaslarının sənədlərindən aydın olur ki, beynəlxalq vəziyyət mürəkkəb olduğundan Mikoyanın təklifi ilə bu qərarın icrası iki il dayandırılmışdır. Bununla belə, Azərbaycana güllələnmə haqqında qərarın qüvvədə qaldığı bildirilmişdir.

İttiham "Bağırovun və onunla əlbir olanların" 1936–1938-ci illərin repressiyalarında birbaşa iştirakını, günahsız insanların təqib olunmasını, istintaq işlərinə müdaxilə etməsini, öz siyasi rəqiblərini dövlətin repressiya aparatının vasitəsilə məhv etməsi faktlarını sübuta yetirmişdir. Bu işlərdən biri də "Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əks-inqilabi milliyətçi təşkilatı" (ESMƏMT) rəhbərlərinin işi idi.[29] Bu işin "Bağırov və onunla əlbir olanlar" tərəfindən saxtalaşdırılması və sifariş edilməsi; eləcə də məhbuslara işgəncələrin verilməsi, bu yolla da özlərini və başqalarını təqsirli bilməsinə məcbur edilməsi məhkəmə tərəfindən sübuta yetirilmişdir. Bu iş üzrə 1938-ci ildə "32 rayon partiya komitəsi katibi 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər".[30] ESMƏMT işi Bağırovun məhkəmə hökmünün mətnində xatırlanmışdır.

Onun həbsi əhali tərəfindən birmənalı qarşılanmamış və hətta bəzi etiraz aksiyalarına da səbəb olmuşdu. Cəmil Həsənlinin "Azərbaycanda milli məsələ: həqiqətlər və müəmmalar (1956–1959)" məqaləsində göstərilir ki, 1956-cı ilin mart ayının 9-da Tbilisidə Stalinin heykəlinin yanında keçirilən mitinqdə əsas tələblərdən biri Mikoyanın, Bulqaninin və Xruşşovun vəzifədən kənarlaşdırılması, digəri isə Azərbaycan KP MK-nın keçmiş birinci katibi M. C. Bağırovun həbsdən azad edilməsi idi.[31]

1980-ci illərdə xarici mətbuat və radioların yaydıqları məlumatlara görə Sibirdə həbsxanaların birində vəfat etmişdir, lakin o, hələ 1956-cı ilin aprelində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ölüm cəzasına məhkum edildikdən bir qədər sonra, həmin ilin may ayında güllələnib.

Bağırov mühakimə olunduğu zaman cəmi 5–10 cümlə söyləyib ki, bu cümlələrdən biri belə olmuşdur: "Mənim ən böyük səhvim Stalinə inanmağım olub".[32]

Vəfatı haqqında digər iddialar

[redaktə | vikimətni redaktə et]

Bəzi iddialara görə 17 may 1976-cı ildə Dalnoreçenskidəki ölümə məhkum edilənlərin düşərgəsində vəfat etmişdir. Elə orada da dəfn olunan Mircəfər Bağırovun məzarının nömrəsi 1684-dür. Həmin həbsxana rəisinin dediklərindən:

"Ölümünə iki ay qalana qədər türmədə aşpaz işləyirdi. Çox da xəstə olmadı. Sakit-səssiz qoca idi. Eləcə də dünyadan köçdü. Srağagün, elə öldüyü gün də dəfn elədik…"[33]

Yasaqlanmış Bağırov

[redaktə | vikimətni redaktə et]

M. C. Bağırovun Azərbaycana rəhbərlik etdiyi dövr (1933–1953) XX əsr Azərbaycan tarixinin ən ziddiyyətli və ən çətin dövrlərindən birini təşkil edir. Həmin ziddiyyətlərdən irəli gələrək uzun illər M. C. Bağırova aid kitab və məqalələr yazmaq yasaq edilmişdi. Hətta 1976-cı ildə nəşr olunmuş "Azərbaycan Sovet Ensiklopediyası"nın 1-ci cildində 13 nəfər Bağırov soyadlı şəxs haqqında, o cümlədən Bağırov Ruben Xristoforoviç haqqında məlumat verilsə də, M. C. Bağırovun adı çəkilməmişdir.

Azərbaycanlı alim və tələbələrə 1920-ci illərdən 1957-yə kimi, yəni Mircəfər Bağırovun ölümünə qədər olan dövrün tarixi sənədlərini tədqiq etməyə icazə verilmirdi.[34]

Mircəfər Bağırov dəfələrlə Sov. İKP MK, ZKÖK MK, Azərbaycan KP MK və bürolarının üzvü, plenumlarının, konfranslarının, qurultaylarının nümayəndəsi, SSRİ, ZSFSR və Azərbaycan MİK və Ali Sovetlərinin üzvü, qurultay və sessiyalarının deputatı seçilmişdir.

O Azərbaycan sənayesinin tərəqqisində, kənd təsərrüfatının inkişafında və mədəniyyətinin yüksəlməsində əldə etdiyi nailiyyətlərə görə hökumət tərəfindən 5 dəfə Lenin ordeni, 2 dəfə Qırmızı bayraq, 1 dərəcəli Vətən müharibəsi, Qırmızı Əmək Bayrağı, Azərbaycan Qırmızı Əmək Bayrağı ordenləri və müxtəlif medallarla təltif edilmişdir.

2026-cı ildə Mir Cəfər Bağırovun iş otağına aid olduğu iddia edilən mebel 18 min manata satışa çıxarılıb.[35]

Azərbaycan kinosunda ilk dəfə Mircəfər Bağırovun obrazı Bakının işıqları (film, 1950) filmində yaradılmışdır. Həmin filmdə Mir Cəfər Bağırov obrazını Rza Təhmasib canlandırmışdır. Filmə baxış keçiriləndə Mircəfər Bağırov öz obrazının ifasından narazı qalaraq demişdi: "Təhmasib məni yaltaq eləyib. Mən yaltaq olmamışam."[36]

  1. 1 2 3 4 Исмаилов, 2015
  2. ↑ ЦК ВКП(б) и региональные партийные комитеты. 1945-1953. М.: РОССПЭН. 2004. 8–9.
  3. ↑ Dmitri Furman. Несостоявшаяся революция. Политическая борьба в Азербайджане (1988—1993 годы) // Дружба народов (rus). № 4. 1994. 152.
  4. ↑ "Багиров Мир Джафар Аббас оглы" (rus). Sovet İttifaqı Kommunist Partiyası və SSRİ tarixinə dair sorğu kitabı 1898–1991. 14 oktyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2008.
  5. 1 2 3 4 5 Исмаилов, 2003
  6. ↑ Ашнин, Алпатов, Насилов, 2002
  7. 1 2 3 Политбюро и дело Берия, 2012
  8. ↑ Антонов-Овсеенко А. В. Берия. АСТ. 1999. 72–73. ISBN 5237031781.
  9. ↑ Cəmil Həsənli. Xruşşov mülayimləşməsi və Azərbaycanda milli məsələ (1954–1959). Moskva: Flinta. 2009. 16. ISBN 978-5-9765-0792-0.
  10. 1 2 Verxovski, Mark. "Mir Cəfər Bağırov haqqında bir qədər". Anl.Az. Exo Jurnalı. 13 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2026.
  11. ↑ Дело Берия. Приговор обжалованию не подлежит. М.: МФД. 2012. 430.
  12. 1 2 Баберовски, 2010
  13. ↑ "First Congress of the Communist International". 19 iyun 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2010.
  14. ↑ Mircəfər Bağırovun fəaliyyətinin görünməyən tərəfləri [ölü keçid]
  15. ↑ "Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri. Bağırov Mir Cəfər Abbas oğlu". 25 noyabr 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2010.
  16. ↑ "Багировский мост. Автор: Дмитрий Купянский". 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2010.
  17. ↑ İkinci Dünya müharibəsi: Qərbin Bakını bombalamaq planı BBC Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine (az.)
  18. ↑ Несбывшаяся история Азербайджана в контексте пакта Молотова-Риббентропа. Джейхун Наджафов Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine (rus.)
  19. ↑ Чуев, Феликс. 140 бесед с Молотовым. Второй после Сталина (rus). Litres. 2022. ISBN 978-5-04-159061-1. 27 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun 2022.
  20. ↑ Телеграмма Маленкова первому секретарю ЦК Компартии Азербайджана Мирджафару Багирову, его ответ Москве и справка МГБ Азербайджана генерал-майора Емельянова. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (rus.)
  21. ↑ Rumyantsev, Vyaçeslav (redaktor). "Багиров Мир Джафар Аббасович 1896-1956 Биографический указатель". Chronos. 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 Yanvar 2022.
  22. ↑ Beriya, Serqo. Beriya, Mənim Atam: Stalin Kremlinin Daxilində. London: Duckworth. 2001. səh. 300. ISBN 0-7156-3062 8.
  23. 1 2 3 "Məmmədtağı Bağırov: "1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər"". 8 dekabr 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 noyabr 2010.
  24. ↑ Audrey L. Altstadt. The Azerbaijani Turks: power and identity under Russian rule Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. Series: Hoover Institution Press Publication 410. Stanford, CA: Hoover Institution Press, Stanford University, 1992, p. 161. ISBN 0817991824
  25. ↑ "Тайны ушедшего века: лжесвидетельства, фальсификации, компромат. Микалай Аляксандравич Зянькович, Николай Зенькович. Olma Media Group, 2004, Səh. 643". 28 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2010.
  26. ↑ "Самые закрытые люди: энциклопедия биографий. Микалай Аляксандравич Зянькович. Olma Media Group, 2002, Səh. 35". 28 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2010.
  27. ↑ The Azerbaijani Turks: power and identity under Russian rule. By Audrey L. Altstadt, Səh. 146.
  28. ↑ Vaqif Səmədoğlu: "Bir günümü Mircəfər Bağırovla keçirdim…" [ölü keçid]
  29. ↑ Arxivləşdirilib 2018-02-10 at the Wayback MachineAydın Əlizadə. Azərbaycanda dövlət terroru: əks-inqilabçı milliyətçi təşkilatın işi (1938–56). Arxivləşdirilib 2018-02-17 at the Wayback Machine
  30. ↑ "Bağırov və başqalarının işi üzrə SSRİ Ali Məhməməsinin Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. M.: Kuçkovo pole, 2012, s. 881–892". 10 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2018.
  31. ↑ Cəmil Həsənli, "Azərbaycanda milli məsələ: həqiqətlər və müəmmalar (1956–1959)", "525-ci qəzet", 18 fevral 2006
  32. ↑ İran adlı Türk Dövləti. davam.az Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine (az.)
  33. ↑ "Mircəfər Bağırovun 1684 nömrəli qəbiri". 27 sentyabr 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2010.
  34. ↑ "Aesopian literary dimensions of Azerbaijani literature of the Soviet period, 1920–1990. Maliheh S. Tyrrell. Səh. 12". 28 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2010.
  35. ↑ "Mircəfər Bağırovun əşyası 18 min manata satılır". Oxu.az (az.). 19 yanvar 2026. 19 yanvar 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2026.
  36. ↑ "Bakının işıqları" filmi haqqında Arxivləşdirilib 2011-09-27 at the Wayback Machine (az.)
  • Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi, f.1, siy.74, iş 129, 130; 134; 135; 335; siy.169, iş 249; siy.277, iş 17, 21; siy.405, iş 3188.
  • Большая Советская Энциклопедия. Второе издание. М., 1950.
  • "Kommunist" qəz., 1946, 25 yanvar, № 19; 3 fevral, № 25; 1950, 1 mart, № 43.
  • Gürcüstan Respublikası Dövlət Ən yeni tarix Arxivi, f.607, siy.2, iş 282.
  • Российский Государственный Архив Социально-Политической Истории (РГАСПИ), ф.3, оп.8, д.388, л.16–18; оп.10, д.70, л.2; оп.10, д.207, л.2; оп.12, д.1004, л.37–42а-б; оп.14, д.23, л.3; оп.14, д.24, л.17; оп.14, д.25, л.96–98.
  • Mir Cəfər Bağırovun məhkəməsi (arxiv materialları). Bakı: Yazıçı. (tərtibçi . N. Rüstəmli, T. Alıyev ; tərc. ed. N. Rüstəmli). 1993.
  • Cəmil Həsənli. Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında (1939-1945). Bakı: Diplomat. 1998.
  • Эльдар Исмаилов. Власть и народ. Послевоенный сталинизм в Азербайджане (1945-1953). Баку: Адильоглы. 2003.
  • Adıgözəl Məmmədov. Baş tutmamış çevriliş. Bakı: El-ALİiance. 2003.
  • Musa Qasımlı, Cavid Hüseynov. Azərbaycanın baş nazirləri. Bakı: Adiloğlu. 2005.
  • Эльдар Исмаилов. Азербайджан: 1953-1956 первые годы "Оттепели". Баку: Адилоглы. 2006.
  • Teyyub Qurban. Düşmənlərindən güclü şəxsiyyət. Bakı: Şirvannəşr. 2006.
  • Mir Cəfər Bağırov xatirələrdə. Bakı: Nurlan. 2006.
  • Fazil Məmmədov. Mir Cəfər Abbas oğlu Bağırov. Tərcümeyi-hala dair ştrixlər, yaxud tarixin həqiqəti-həqiqətin tarixi. Bakı: Nurlan. 2007.
  • Fazil Məmmədov. Mir Cəfər Bağırov: Xruşşovun qərəzli və sifarişli Bakı divanxanası. Bakı: Şəms. 2008.
  • Cəfər Cəfərov. Azərbaycan kəndi kollektivləşmə illərində (1920-ci illərin sonu - 30-cu illər). Bakı: Elm. 2008.
  • Hacı Xaliq Əhmədzadə. Diktatorların bilinməyən sirləri. Bakı: R. N. 2009.
  • Adıgözəl Məmmədov. Mir Cəfər Bağırov. Açılmamış səhifələr. Bakı: MBM. 2010.
  • Adıgözəl Məmmədov. Mir Cəfər Bağırov. Tam məxfi. Bakı: Elgün. 2012.
  • Adıgözəl Məmmədov. Bağırov və Beriya. Məxfi protokollar. Bakı: Qələm. 2014.
  • Fazil Məmmədov. M. C. Bağırov İ. Stalinin vəfatından sonrakı dövrdə Kreml ixtilafları burulğanında (iyul 1953-aprel 1956-cı illər). Bakı: Şəms. 2014.
  • Эльдар Исмаилов. История "большого террора" в Азербайджане. Москва: РОССПЭН. 2015.
  • Fazil Məmmədov. Azərbaycan SSR-in onun siyasi rəhbəri M. C. Bağırovun Böyük Vətən Müharibəsi illərində SSRİ-nin müdafiəsində müstəsna rolu (22 iyun 1941 - 9 may 1945-ci illər). Bakı: Şəms. 2016.
  • Fazil Məmmədov. Sovet Azərbaycanı Kreml orbitində (iyun 1945-iyul 1953-cü illər). Bakı: Şəms. 2017.
  • Eldar İsmayılov. Azərbaycanda "Böyük terror"un tarixi. Bakı: ADPU-nun mətbəəsi. (rus dilindən tərc. ed. Ş. Məmmədova). 2019.
  • Şəlalə Məmmədova. Cənubi Qafqaz XX əsrin 20-30-cu illərində (Azərbaycan məsələləri). Bakı: RS poliqraf. 2020.
  • Adıgözəl Məmmədov. Mir Cəfər Bağırov. Siyasi portret. Bakı: Zərdabi Nəşr MMC. 2021.
  • Şəlalə Məmmədova. Yaddaşımızdakı tarix Stalindən sonrakı Azərbaycan. Bakı: Elm və təhsil. 2022.
  • Adıgözəl Məmmədov. Böyük Azərbaycan naminə Bağır Seyidzadə. Bakı: İmza. 2023.
  • Cəmil Həsənli. Güney Azərbaycan: tarixin yol ayrıcında (1939-1945). Bakı: Qanun. 2023.
  • Eldar İsmayılov. Azərbaycanda "Böyük terror"un tarixi. Bakı: Qanun. (tərc. Ş. Məmmədova). 2024.
  • Mir Cəfər Bağırovun məhkəməsi (MTN-nin arxiv materialları əsasında). Bakı: Kosmo. (tərt. ed.: N. Rüstəmli (ruscadan tərc.), T. Adıyev). 2024.
  • Cəmil Həsənli. Bağırovdan sonrakı Azərbaycan: Ümidlər və illüziyalar (1953–1959). Bakı: Qanun. 2025.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]