Məzmuna keç

Cümə məscidi (Ağdam)

Cümə məscidi
Cümə məscidi 2024-cü ildə restavrasiya işlərindən sonra
Cümə məscidi 2024-cü ildə restavrasiya işlərindən sonra
Ölkə  Azərbaycan
Şəhər Ağdam
Yerləşir Ağdam rayonu
Aidiyyəti Qarabağ xanlığı
Memar Kərbəlayi Səfixan Qarabaği
Tikilmə tarixi 1868—1870
Üslubu Azərbaycan memarlığı
Minarələri 2
Günbəzləri 1
Material daş[d]
Rəsmi sayt heritage.gov.az/az/monum…
İstinad nöm.202
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
39°59′36″ şm. e. 46°55′54″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağdam Cümə məscidi — Azərbaycanın Ağdam şəhərində yerləşən, XIX əsrə aid tarixi-memarlıq abidəsi və müsəlman ibadətgahı. 1868–1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir. İki minarəli məscid XIX əsr Qarabağ dini memarlığının monumental nümunələrindən biridir.[1][2]

Məscidin memarlıq kompozisiyasının əsasını dörd sütunlu ibadət zalı, ikimərtəbəli yan qalereyalar, günbəz və tağbəndlər sistemi, eləcə də şimal fasadında yerləşən qoşa minarələr təşkil edir. Tikilinin əsas korpusu əhəngdaşından, minarələrin silindrik gövdələri isə kərpicdən inşa olunmuşdur. 2020-ci ildə aparılmış texniki ekspertizada məscidin ümumi plan ölçüləri təxminən 22 × 22 metr, minarələrinin hündürlüyü isə təxminən 25 metr göstərilmişdir.[3]

1993-cü ildə Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra məscid dini fəaliyyətini dayandırmış, işğal dövründə onun interyeri, dekorativ tərtibatı və ayrı-ayrı tikinti elementləri ciddi zədələnmişdir. Bununla belə, əsas konstruksiyası və iki minarəsi saxlanılmışdır. Ağdamın 2020-ci ildə Azərbaycana qaytarılmasından sonra məsciddə konservasiya və restavrasiya işləri həyata keçirilmiş, 25 aprel 2024-cü ildə abidə yenidən açılmışdır.[3][4]

Ağdam Cümə məscidi ölkə əhəmiyyətli memarlıq abidəsidir və dövlət qeydiyyatında 202 inventar nömrəsi ilə göstərilir.[5]

İnşası və XIX əsrdə fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Ağdam Cümə məscidi 1868–1870-ci illərdə Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında tikilmişdir. İnşası Ağdamın XIX əsrin ikinci yarısında Qarabağın yaşayış və ticarət mərkəzlərindən biri kimi inkişaf etdiyi dövrə təsadüf edir.[2]

Kərbəlayi Səfixan Qarabaği XIX əsr Azərbaycan memarlığının, xüsusilə Qarabağ dini memarlığının tanınmış nümayəndələrindən olmuşdur. Onun layihələri arasında Ağdam Cümə məscidi ilə yanaşı, Şuşadakı Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi və Saatlı məscidi də vardır.[2]

Ağdam məscidinin memarlığında Qarabağ bölgəsində yayılmış dini tikinti ənənələri ilə memarın fərdi kompozisiya həlli birləşdirilmişdir. Məscidin daxili məkanının təşkilində sütun və tağlardan, əsas giriş kompozisiyasında isə iki minarədən istifadə edilmişdir.

Memarlıq tarixçisi Şamil Fətullayev Ağdam Cümə məscidini Kərbəlayi Səfixan Qarabağinin yaradıcılığı kontekstində araşdırmış, tikilinin konstruktiv quruluşunu və daxili məkanının həllini Qarabağın XIX əsr məscid memarlığının inkişafı ilə əlaqələndirmişdir.[2]

XX əsrin əvvəllərində təmiri

[redaktə | vikimətni redaktə et]

Məscidin mehrab tağçasının üzərindəki kitabədə hicri 1331-ci il tarixi göstərilmişdir. Mənbələrdə bu tarix miladi 1913-cü il kimi təqdim olunur. Kitabədə mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizinin adı qeyd edilmişdir.[6]

Kitabə məscidin dekorativ tərtibatının XX əsrin əvvəllərində təmir olunduğunu göstərən epiqrafik mənbə kimi qiymətləndirilir. Bununla belə, həmin təmirin tikilinin bütün interyerini, yoxsa yalnız mehrab və ayrı-ayrı divar bəzəklərini əhatə etdiyi müəyyənləşdirilməmişdir.

Məscidin ilkin divar bəzəklərinin nəqqaş Məhəmməd Şükuhi tərəfindən hazırlandığı da bildirilir. Bəzi mənbələrdə onun adı Məhəmməd Şükuhi Təbrizi şəklində göstərilir və Məhəmməd Nəqqaş Təbrizi ilə eyniləşdirilir.[7]

Ağdam Cümə məscidi sovet hakimiyyətinin son onilliklərində ibadət yeri kimi fəaliyyət göstərmişdir. Məscidin keçmiş axundu Barat Bağırovun 2013-cü ildə verdiyi müsahibəyə əsasən, o, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri Mirqəzənfər İbrahimov tərəfindən məscidə axund təyin edilmişdir.[8]

Bağırovun xatirələrinə görə, 15 avqust 1978-ci ildə Allahşükür Paşazadə ilə birlikdə Ağdama gəlmiş, ertəsi gün yerli rəhbərliyə və dini icmaya təqdim olunmuşdur. O, bundan sonra şəhərdə yaşayaraq məsciddə dini fəaliyyətini davam etdirmişdir.[8]

Məscidin sovet dövründəki fəaliyyətinə dair sonrakı şahid ifadələrində burada ibadətlə yanaşı, dini tədrisin də həyata keçirildiyi bildirilir. Bu məlumatlara əsasən, dini dərslərdə Ağdamla yanaşı, ətraf rayonlardan gələn şəxslər də iştirak edirdilər.[9]

Sovet dövründə binanın xarici görünüşündə müəyyən dəyişikliklər edilmişdir. Sonrakı mənbələrdə məscidin bəzi fasadlarının boz mərmər lövhələrlə üzləndiyi göstərilir. 2020-ci ildə aparılmış texniki ekspertiza həmin üzlüklərin ilkin tikintiyə aid olmadığını və daha sonrakı təmir mərhələsində əlavə edildiyini təsdiqləmişdir.[9][3]

Birinci Qarabağ müharibəsi

[redaktə | vikimətni redaktə et]
Ağdam Cümə məscinin həyətində Xocalı qırğınının qurbanlarının qarşılanması, 1992-ci il, Fotoqraf: İlqar Cəfərov

Birinci Qarabağ müharibəsi dövründə Ağdam Cümə məscidi dini mərasimlərin, o cümlədən döyüşlərdə həlak olan şəxslərin cənazə namazlarının keçirildiyi məkanlardan biri olmuşdur. Axund Barat Bağırovun xatirələrinə görə, müharibədə həlak olan şəxslərin dəfnə hazırlanması və ailələrinə təhvil verilməsi işlərinin bir hissəsi məsciddə təşkil edilirdi.[8]

Bağırovun müsahibəsində 1993-cü ilin iyulunda, Ağdam şəhərinin işğalından əvvəlki günlərdə məsciddə cənazə mərasimlərinin davam etdiyi bildirilir. O, şəhərin işğalı ərəfəsində Ağdamı tərk edən şəxslərdən biri olmuşdur.[8]

1992-ci ilin fevralında Xocalı faciəsindən sonra məscidin müvəqqəti sığınacaq kimi istifadə edildiyi barədə də şahid xatirələri mövcuddur.[9]

23 iyul 1993-cü ildə Ağdam şəhəri Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçmiş və məscidin əvvəlki dini fəaliyyəti dayanmışdır.

1993–2020-ci illərdəki vəziyyəti

[redaktə | vikimətni redaktə et]
Ağdam Cümə məscidinin dağıdılmış interyeri 2018-ci ildə

Ağdam şəhərinin işğalından sonra Cümə məscidi ciddi zədələnməyə və baxımsızlığa məruz qalmışdır. Binanın daxili dekorativ elementləri və kitabələri zədələnmiş, bəzi örtük və tağ hissələrində dağıntılar əmələ gəlmişdir. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında minarələrin daxili hissələrinin söküldüyü, tavanın bəzi hissələrinin uçduğu və divar yazılarının korlandığı bildirilir.[1]

Məscidin əsas həcm-məkan quruluşu və minarələrinin xarici gövdələri isə saxlanılmışdır. Bina Ağdam şəhərində işğal dövründə tamamilə dağıdılmamış azsaylı monumental tikililərdən biri olmuşdur.[3]

Məsciddən heyvan saxlanılması üçün istifadə edildiyi haqqında məlumatlar həm Azərbaycan mənbələrində, həm də şəhərə səfər etmiş xarici jurnalistlərin reportajlarında yer almışdır.[9]

2020-ci ilin dekabrında Avstriyanın Atelier Erich Pummer GmbH şirkətinin mütəxəssisi tərəfindən məscidə yerində baxış keçirilmişdir. Texniki ekspertizada abidənin əsas konstruksiyasının saxlandığı, lakin fasad və interyer materiallarının ciddi zədələndiyi göstərilmişdir. Hesabatın müəllifi ilkin müayinənin tam texniki tədqiqat olmadığını bildirmişdir.[3]

20 noyabr 2020-ci ildə Ağdam rayonu 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarılmışdır. Bundan sonra məscidin təmizlənməsi, mühafizəsi və gələcək restavrasiyası ilə bağlı tədbirlər görülmüşdür.

Məscidin açarlarının qaytarılması

[redaktə | vikimətni redaktə et]

12 sentyabr 2021-ci ildə məscidin keçmiş axundu Barat Bağırovun oğlu Hamin Bağırov Ağdam Cümə məscidinin 28 il saxlanılmış açarlarını abidəyə qaytarmışdır.[10]

Hamin Bağırovun sözlərinə görə, atası 1993-cü ildə Ağdamı tərk edərkən məscidin qapısını bağlamış və açarları özü ilə aparmışdı. O, Ağdamın işğaldan azad edilməsindən sonra vəfat etmiş, açarları məscidə qaytarmaq arzusu isə oğlu tərəfindən həyata keçirilmişdir.[10]

Memarlıq xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

Plan və həcm-məkan quruluşu

[redaktə | vikimətni redaktə et]
Azərbaycan poçt markası (2014)

Ağdam Cümə məscidinin memarlıq quruluşunun əsasını dörd sütunla bölünən ibadət zalı təşkil edir. Sütunlar mərkəzi hissədə kvadrat formalı məkan yaradır və günbəzli örtük sisteminin daşıyıcı konstruksiyasına daxildir. İbadət zalının şərq və qərb tərəflərində yerləşən dərin taxçalar daxili məkanı genişləndirərək ümumi planın düzbucaqlı formasını müəyyənləşdirir.[6]

Məscidin daxili məkanı üç nefli quruluşa malikdir. Bu quruluş əsas ibadət zalı, yan qalereyalar və onları birləşdirən tağlı keçidlərdən ibarətdir. İbadət zalına açılan qalereyalar iki səviyyədə təşkil edilmişdir.[3]

Yan qalereyaların yuxarı hissələri qadınların ibadəti üçün nəzərdə tutulmuşdur. Onların ibadət zalına açılan tağlı hissələri məscidin daxili həcm-məkan kompozisiyasını tamamlayır.[6]

İbadət zalının cənub divarının mərkəzində mehrab yerləşir. Mehrabın hər iki tərəfində və qalereyaların müvafiq hissələrində açılmış pəncərələr zalın təbii işıqlandırılmasını təmin edir.

Şamil Fətullayev məscidin memarlıq kompozisiyasını Kərbəlayi Səfixan Qarabağinin yaradıcılığı kontekstində təhlil etmişdir. Tədqiqatçının araşdırmasında konstruktiv elementlərin daxili məkanın formalaşdırılmasında rolu və ikimərtəbəli qalereyaların quruluşu xüsusi yer tutur.[2]

Ölçüləri və konstruktiv xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]

2020-ci il dekabrın 10-da aparılmış yerində baxış əsasında hazırlanmış Atelier Erich Pummer GmbH şirkətinin hesabatında məscidin təxmini ölçüləri göstərilmişdir. Hesabata görə, tikilinin plan ölçüləri 22 × 22 metr, ümumi sahəsi təxminən 484 kvadratmetrdir. Əsas günbəzin maksimal hündürlüyü 9,5 metr, minarələrin hündürlüyü 25 metr, fasadın hündürlüyü isə 7 metr kimi qiymətləndirilmişdir.[3]

Bu göstəricilər ilkin texniki baxışın nəticələri olduğundan dəqiq memarlıq ölçmələrinin deyil, təxmini qiymətləndirmənin məlumatlarıdır.

Məscidin əsas divarları və şaquli daşıyıcı konstruksiyaları əhəng məhlulu ilə hörülmüş əhəngdaşı bloklarından ibarətdir. İbadət zalında və şimal giriş eyvanında yerləşən səkkizguşəli sütunlar da əhəngdaşından hazırlanmışdır. Minarələrin əsas hissələrində daş, silindrik gövdələrində isə kərpic hörgüsündən istifadə edilmişdir.[3]

Fasadlar və minarələr

[redaktə | vikimətni redaktə et]

Məscidin əsas girişi şimal fasadında yerləşir. Giriş dərin tağlı portal daxilində təşkil edilmişdir. Portalın hər iki tərəfində yerləşən iki minarə binanın əsas fasadının simmetrik kompozisiyasını tamamlayır.[6]

Məscidin qoşa minarələri silindrik kərpic gövdələrə malikdir. Minarələrin səthlərində müxtəlif istiqamətli kərpic hörgüsünün yaratdığı həndəsi ornamentlərdən istifadə olunmuşdur. Onların şaquli quruluşu şərəfə hissələri və üfüqi dekorativ qurşaqlarla tamamlanır.

Kərbəlayi Səfixan Qarabaği burada bölgənin dini memarlığında mövcud olmuş qoşa minarəli məscid ənənəsini davam etdirmişdir. Məscidin memarlıq görünüşündə daş əsas korpusla kərpic minarələrin material və rəng fərqi mühüm kompozisiya elementi kimi çıxış edir.[2]

2020-ci il ekspertizasına görə, şərq, cənub və qərb fasadları ilkin tikintidən sonrakı dövrlərdə boz mərmər lövhələrlə üzlənmişdi. Mərmər üzlüklər metal və beton əsaslı konstruksiyalar üzərində quraşdırılmışdı. Müayinə zamanı bu üzlüklərin böyük hissəsinin zədələndiyi və bəzi sahələrdə ilkin əhəngdaşı fasadından ayrıldığı müəyyən edilmişdir.[3]

İnteryer və bədii tərtibat

[redaktə | vikimətni redaktə et]
Məscidin interyeri restavrasiya işlərindən sonra

Məscidin ibadət zalında daxili kompozisiya daş sütunlar, tağlar, günbəz və ikimərtəbəli qalereyalar vasitəsilə formalaşdırılmışdır. Bu quruluşda daşıyıcı elementlər həm konstruktiv, həm də memarlıq-bədii funksiya yerinə yetirir.

İbadət zalının cənub divarında yerləşən mehrab nisbətən sadə dekorativ həlli ilə seçilir. Mehrabın üzərindəki kitabə məscidin bədii tərtibatının tarixi haqqında əsas epiqrafik məlumatlardan biridir.[6]

İnteryerin bədii tərtibatında suvaq üzərində boya və yazı kompozisiyalarından istifadə edilmişdir. Məscidin daxili səthlərində müxtəlif dövrlərə aid bəzək qatlarının mövcudluğu 2020-ci ildə aparılmış ekspertiza zamanı da müəyyənləşdirilmişdir.[3]

Ağdam Cümə məscidinin mehrabı üzərindəki kitabədə hicri 1331-ci il tarixi və mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu Məhəmməd Nəqqaş Təbrizinin adı göstərilmişdir. Kitabə məscidin XX əsrin əvvəllərindəki dekorativ təmiri haqqında məlumat verən epiqrafik mənbədir.[6]

Məhəmməd Nəqqaş Təbrizi bəzi mənbələrdə Məhəmməd Şükuhi Təbrizi kimi də təqdim edilir. Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunun dərc etdiyi materialda bu iki ad eyni sənətkarla əlaqələndirilir.[7]

Bununla belə, mehrab kitabəsinin ərəb qrafikalı tam transkripsiyası və nəqqaşın fəaliyyəti ilə bağlı bioqrafik məlumatlar geniş şəkildə nəşr edilməmişdir.

2020-ci ildəki texniki ekspertiza zamanı məscidin şimal giriş eyvanının tağbəndlərində müxtəlif dövrlərə aid suvaq qatları müəyyən edilmişdir. İlkin bej rəngli suvağın üzərində yerləşən sonrakı təmir qatının açıq mavi rənglə boyandığı, həmin səthdə tünd göy rəngli ərəb yazılarının olduğu göstərilmişdir. Suvaq qatlarının bəzi hissələrində qopmalar və material itkisi müşahidə olunmuşdur.[3]

İlkin müayinə və hazırlıq mərhələsi

[redaktə | vikimətni redaktə et]

2020-ci ildə Ağdamın Azərbaycana qaytarılmasından sonra Cümə məscidinin texniki vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün hazırlıq tədbirləri görülmüşdür.

10 dekabr 2020-ci ildə Atelier Erich Pummer GmbH şirkətinin nümayəndəsi Heydər Əliyev Fondunun dəvəti ilə məscidə baxış keçirmişdir. Yanvar 2021-ci ildə hazırlanmış hesabatda tikilinin əsas konstruksiyasının saxlanıldığı, lakin fasadların, interyerin və dekorativ qatların zədələndiyi göstərilmişdir.[3]

Hesabatda sonrakı restavrasiya üçün binanın dəqiq ölçülməsi, üçölçülü lazer skan edilməsi, fotogrammetrik tədqiqatlar və tikinti materiallarının inventarlaşdırılması tövsiyə edilmişdir. Bunlar həmin mərhələdə planlaşdırılan texniki tədbirlər kimi təqdim olunmuşdur.[3]

13 fevral 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva məsciddə aparılan bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmuşlar. Həmin vaxt Avstriyanın Brugger&KO Restauratoren GmbH şirkətinin iştirakı ilə bərpa tədbirləri haqqında məlumat verilmişdir.[11]

Heydər Əliyev Fondunun məlumatına görə, əsas konservasiya və restavrasiya işlərinə 2022-ci ilin martında başlanmışdır.[12]

2022–2024-cü illərdə restavrasiya

[redaktə | vikimətni redaktə et]

Ağdam Cümə məscidinin konservasiyası və restavrasiyası Heydər Əliyev Fondu tərəfindən PAŞA Holdinqin dəstəyi ilə həyata keçirilmişdir. İşlərə yerli mütəxəssislərlə yanaşı, xarici restavratorlar, o cümlədən Avstriyanın Brugger&KO Restauratoren GmbH şirkəti də cəlb olunmuşdur.[12]

Restavrasiya prosesində məscidin ilkin tikintisində istifadə edilmiş materialların xüsusiyyətləri araşdırılmışdır. Sütunların və kənar divarların yaxınlığında kəşfiyyat qazıntıları aparılmış, giriş hissəsində tarixi daş döşəmə aşkar edilərək üzə çıxarılmışdır.[4]

Tarixi və texniki tələblər əsasında suvaq nümunələri, laboratoriya analizlərinə uyğun boya nümunələri hazırlanmışdır. Zədələnmiş günbəz və tağlar müvəqqəti taxta konstruksiyalarla möhkəmləndirilmişdir.[4]

Binanın bünövrələrinin möhkəmləndirilməsi, eyvan divarlarında daş səthlərin sonradan əlavə edilmiş uyğun olmayan materiallardan təmizlənməsi və zədələnmiş minarə elementlərinin bərpası işləri aparılmışdır. Taxta konstruksiyalar konservasiya və restavrasiya olunmuşdur.[12]

Günbəzlərin zədələnmiş suvaq qatları təmizlənmiş, əhəng əsaslı materiallardan istifadə olunmaqla möhkəmləndirmə işləri həyata keçirilmişdir. Divarların yuxarı hissələri yenidən qurulmuş, itirilmiş hissələr uyğun təbii daşlarla tamamlanmışdır.[4]

Məscidin daxili daş səthləri, giriş qapısı və fasadları üzərində də bərpa tədbirləri görülmüşdür. Layihənin məqsədi abidənin tarixi memarlıq xüsusiyyətlərinin qorunması və zədələnmiş hissələrinin bərpası olmuşdur.[12]

Məsciddə 9 may 2000-ci ildə Heydər Əliyevə təqdim edilmiş və abidəyə aid olduğu bildirilən daş parçası da nümayiş etdirilir.[4]

Yenidən açılışı

[redaktə | vikimətni redaktə et]

25 aprel 2024-cü ildə Ağdam Cümə məscidinin bərpadan sonra açılışı keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov iştirak etmişlər.[4]

Açılış zamanı məscidin konservasiyası və restavrasiyası çərçivəsində görülmüş işlər haqqında məlumat verilmişdir. Bina tarixi memarlıq görünüşünə uyğun şəkildə bərpa olunaraq istifadəyə verilmişdir.[4]

Dini fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Ağdam Cümə məscidi XIX əsrdən etibarən şəhərin müsəlman əhalisinin dini ibadət məkanlarından biri olmuşdur. Sovet dövrünün sonlarında məsciddə dini fəaliyyət davam etdirilmişdir. 1978-ci ildə Barat Bağırov məscidə axund təyin olunmuş və 1993-cü ilə qədər burada xidmət etmişdir.[8]

2024-cü ildə abidənin bərpası başa çatdıqdan sonra dini fəaliyyətin yenidən təşkili istiqamətində tədbirlər görülmüşdür. Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağdam Cümə məscidinə Mehman Nəsirovun imam təyin olunduğunu açıqlamışdır.[13]

Abidənin mühafizə statusu

[redaktə | vikimətni redaktə et]

Ağdam Cümə məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.[1]

Abidənin dövlət qeydiyyat nömrəsi 202-dir.[5]

  1. 1 2 3 "Ağdam rayonunun vandalizmə məruz qalmış abidələri". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (az.). 12 iyul 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2026.
  2. 1 2 3 4 5 6 Fətullayev, Şamil. Градостроительство и архитектура Азербайджана XIX – начала XX века (rus). Ленинград: Стройиздат. 1986.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Atelier Erich Pummer GmbH. The Juma Mosque in Agdam/Karabakh: Inspection & Report 2020 (PDF) (Hesabat) (ingilis). International Court of Justice, Azerbaijan v. Armenia, Application and Request for Provisional Measures, Annex 21. 2021-01. 1, 3. 2025-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2026-10-31.
  4. 1 2 3 4 5 6 7 "İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi (az.). 25 aprel 2024. 12 aprel 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2026.
  5. 1 2 "Ağdam Cümə məscidi". AZƏRTAC Uşaq Bilik Portalı (az.). 15 oktyabr 2020. 15 iyun 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2026.
  6. 1 2 3 4 5 6 "Ağdam şəhər Cümə məscidi". Sirat.az (az.). 24 sentyabr 2021. 2 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2026.
  7. 1 2 "İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin Azargalam.ir xəbər saytında Azərbaycanın Ağdam Cümə məscidinin məzlum hekayəsi adlı məqalə dərc edilmişdir". Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu (az.). İstifadə tarixi: 30 oktyabr 2026.
  8. 1 2 3 4 5 "Ağdamı sonuncu tərk edənlərdən biri". Modern.az (az.). 19 iyul 2013. İstifadə tarixi: 30 oktyabr 2026.
  9. 1 2 3 4 "Qara günlərin şahidi - Ağdam Cümə məscidi". APA (az.). İstifadə tarixi: 30 oktyabr 2026.
  10. 1 2 "Ağdam şəhərinin Cümə Məscidinin 28 il saxlanılan açarı təhvil verilib". APA (az.). 12 sentyabr 2021. İstifadə tarixi: 30 oktyabr 2026.
  11. ↑ "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidində bərpa işlərinin gedişi ilə tanış olublar". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi (az.). 14 fevral 2022. 7 iyun 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2026.
  12. 1 2 3 4 "Ağdam Cümə məscidi". Heydər Əliyev Fondu (az.). İstifadə tarixi: 30 oktyabr 2026.
  13. ↑ "Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (az.). 6 avqust 2024. İstifadə tarixi: 30 oktyabr 2026.
  • Fətullayev, Şamil. Градостроительство и архитектура Азербайджана XIX – начала XX века (rus). Ленинград: Стройиздат. 1986.
  • Atelier Erich Pummer GmbH. The Juma Mosque in Agdam/Karabakh: Inspection & Report 2020 (PDF) (Hesabat) (ingilis). 2021-01. 1, 3.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]