Çişpiş
| Çişpiş | |
|---|---|
| q.fars 𐎨𐎡𐏁𐎱𐎡𐏁 (č-i-š-p-i-š) | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | bilinmir |
| Vəfat tarixi | e.ə. 640 |
| Fəaliyyəti | hökmdar[d] |
| Atası | Əhəmən |
| Uşaqları | |
| Ailəsi | Əhəmənilər sülaləsi |
Çispiş (q.yun. Τεΐσπης, Teispēs; q.fars 𐎨𐎡𐏁𐎱𐎡𐏁[1] Čišpiš; akkad. 𒅆𒅖𒉿𒅖 Šîšpîš,[2] elam. Zi-iš-pi-iš)[3] — e.ə. 675–640-cı illərdə Anşanda hakimiyyətdə olmuş padşah. O, indiki Fars ostanından olan Əhəmənin oğlu və Böyük Kirin əcdadı hesab edilmişdir. Tarixi mənbələr I Kirin və Ariaramnanın onun oğulları olduğunu təsdiqləyir. I Kir Böyük Kirin babası, Ariaramna isə Böyük Daranın ulu babası olmuşdur.[3]
E.ə. VII əsrə aid sənədlərə əsasən, Çispiş Elam şəhəri olan Anşanı ələ keçirmişdir. Ehtimal olunur ki, bu hadisə farsların Midiya ağalığından azad olmasından sonra baş vermiş və nəticədə Çispiş öz kiçik padşahlığının sərhədlərini genişləndirmişdir, lakin onun padşahlığı Yeni Assuriya imperiyasından (e.ə. 911–605-ci illər) vassal asılılığında olmuşdur. Onun vəfatından sonra hakimiyyətə ikinci oğlu I Kir gəlmişdir.[3]
Adı
[redaktə | vikimətni redaktə et]Adın qədim fars dilindəki variantı "Çişpiş" formasındadır. Valter Hinz və Heydemari Kox bu adı Çaişpiş kimi şərh etsələr də, bu yanaşmanın yanlış olduğu hesab edilmişdir.[3][4] Rüdiger Şmitt adı "ehtimal ki, iranmənşəli" hesab etdiyi halda, Yan Tavernier onun elammənşəli ola biləcəyini də istisna etməmişdir. Hər iki halda, adın etimologiyası qeyri-müəyyən olaraq qalmaqdadır.[3][4] Bu adın hurri fırtına tanrısı Teşub və ya kimmer padşahı Teuşpa ilə əlaqəli olmadığı ehtimal edilir.[3][5][6][7][8][9] Onun elammənşəli ləqəb olan Zaişpişiya (𒍝𒆜𒉿𒆜𒅆𒅀) ilə əlaqəsi də aydın deyil. Hinz bunun adın sifət forması (Čaišpišya) olduğunu düşünür, lakin Şmitt Çaşpişya oxunuşuna üstünlük vermiş və bu iki adın bir-biri ilə əlaqəsiz olduğunu bildirmişdir.[3][4]
Vasili Abayev Çişpiş adının qədim hind dilindəki "yaxşı böyüyən" mənasını verən su-sisvi sözünün iranmənşəli forması olduğunu irəli sürmüşdür. Yanos Harmatta isə adın soqd dilindəki "rəhbər" mənasını daşıyan "çp'yş" sözü ilə mümkün əlaqəsini təklif etmişdir, lakin Tavernier bu təkliflərin heç birini inandırıcı hesab etməmişdir. Voyçex Skalmovski tərəfindən irəli sürülən digər bir iranmənşəli mülahizəyə görə, ad qədim hind dilindəki "düşüncə, zəka" mənasını verən "cit-" və "şişmək, daşmaq" mənasını verən "pi-" köklərindən ibarət mürəkkəb bir sözdür.[4]
Elammənşəli törəmələrə gəldikdə, Tavernier bu dildə hələlik qənaətbəxş bir izahın tapılmadığını qeyd etmişdir. "Yeniləmək, bərpa etmək" mənasını verən "piş-" feil kökünə bəzi Elam adlarında rast gəlinmişdir, lakin adın birinci hissəsini izah etmək çətindir. Tavernier bəzi mürəkkəb sözlərdə "şiş" kimi çıxış edən və "gözəl" mənasını verən "şişnali" sözü ilə mümkün əlaqəni ehtimal etmişdir. Bu halda elammənşəli *Šišpiš* adı "gözəlliyi yeniləyən" mənasını verə bilərdi, lakin bu fərziyyə adın elam dilində niyə "Zişpiş* kimi yazıldığını izah etmir, çünki *şişnali* sözü istisnasız olaraq "ş" hərfi ilə yazılmışdır.[4]
Persepol lövhələrində Çişpiş adını daşıyan başqa bir şəxsə də rast gəlinmişdir. Həmin şəxsin adı e.ə. 503 və 502-ci illərə aid lövhələrdə müxtəlif miqdarda taxılın qəbul edicisi kimi çəkilir və o, Elamda yerləşən Zila-Umpan adlı məkanla əlaqələndirilir.[3]
Mənbələrdə
[redaktə | vikimətni redaktə et]Çispişin adı günümüzə qədər gəlib çatmış iki şəcərədə xatırlanır. II Böyük Kir öz bəyanatında bu barədə məlumat verərək bildirir ki, o, Anşan şəhərinin böyük padşahı Kambizin oğlu, Anşan şəhərinin şahanşahı Kirin nəvəsi və Anşan şəhərinin şahanşahı Çispişin nəslindəndir. Kir özünü tanrıların lütfünə məzhər olmuş əbədi hökmdar nəslinin nümayəndəsi kimi təqdim etmişdir.[10]
Şəcərənin bu ən erkən variantı I Dara tərəfindən Behistun yazısında qismən təkrarlanmışdır. Dara öz nəslini belə təsvir etmişdir:[11]
| Kral Dara deyir: Mənim atam Viştaspa (Histaspa), Viştaspanın atası Arşama, Arşamanın atası Ariaramna, Ariaramnanın atası Çispiş, Çispişin atası isə Əhəməndir. Bu səbəbdən biz Əhəməni adlanırıq. Əzəldən bizə ehtiram bəslənilmiş, əzəldən nəslimiz hökmdar nəsli olmuşdur. Məndən əvvəl nəslimizdən səkkiz nəfər kral olmuşdur. Mən doqquzuncuyam. Doqquzumuz da ardıcıl olaraq kral olmuşuq. Ahuramazdanın iradəsi ilə mən kralam. Ahuramazda mənə krallığı bəxş etdi. |
Bu iki mətndən aydın olur ki, Böyük Kir və I Dara Çispiş şəxsində ortaq bir əcdada sahib olmuşlar. Əhəmənilərin erkən dövrünün tam bərpası ehtimal edir ki, Anşan padşahı Çispiş həm I Kirin, həm də Ariaramnanın atası, dolayısı ilə Daranın ulu babası olmuşdur. Həmçinin, fərz edilmişdir ki, Dara özünü Əhəməni sülaləsinin doqquzuncu kralı adlandıran zaman bu hesaba II Böyük Kirin xəttini (I Kir, I Kambiz, II Böyük Kir və II Kambiz) də daxil etmiş, lakin heç vaxt kral olmamış atası Histaspanı bura əlavə etməmişdir. Elmdə uzun müəyyən müddət ərzində Daranın özünü doqquzuncu kral elan etməsi bir problem kimi araşdırılmışdır, çünki bu bəyanat həm Arşama, həm də Ariaramna üçün kral statusu iddiası demək idi. Buna baxmayaraq, hər iki şəxs Daranın şahidliyinə görə eyni zamanda padşah olmuş I Kir və I Kambiz ilə ən azı qismən çağdaş olmalı idilər. Bu problemin standart həlli kimi belə bir fərziyyə irəli sürülmüşdür ki, Çispişin vəfatından sonra onun idarə etdiyi torpaqlar bölünmüş, nəticədə I Kir Anşanda, Ariaramna isə Farsda taxta çıxmışdır. Daha sonra I Kambiz Anşanda, Arşama isə Farsda atalarını əvəz etmişdilər. II Kir dövlətini qurub Fars tayfaları üzərində nəzarəti bərpa etdikdə, Arşama taxtını itirmiş, beləliklə II Kir o vaxta qədər daşıdığı "Anşan padşahı" tituluna "Anşan və Fars padşahı" titulunu da əlavə etmişdir. Bu izah məntiqi bir fərziyyə sayılmışdır, lakin qəti sübutlara əsaslanmır.[12]
Herodot özünün "Tarix" əsərində bu adı daşıyan iki fərqli Fars padşahını qeyd etmişdir. Onun təqdim etdiyi hekayədə I Kserks Afina xalqını cəzalandırmayacağı təqdirdə, özünü Histaspa oğlu, Arşama, Ariaramna, Çispiş, Kir, Kambiz, Çispiş və Əhəmənin nəslindən olan Daranın oğlu sayılmağa layiq olmadığını bildirmişdir.[13]
Çispişin adının çəkildiyi daha iki artefakt mövcuddur. Birincisi, Persepolun müdafiə tikililərindən aşkar edilmiş beş lövhədir ki, onların üzərində "[K]u-raš h.An-za-an-[ir]-ra šak Še-iš-be-iš-na" yazısı olan möhür izləri tapılmışdır. Bu yazı "Anşanlı Kir, Çispişin oğlu" kimi oxunmuşdur, lakin bu mətndə nə Çispişin, nə də onun oğlu Kirin padşah titulu daşımaması kifayət qədər qəribə bir hal kimi qiymətləndirilmişdir. Həmçinin, burada Çispiş adının yazılış forması Behistun yazısındakı variantdan fərqlənir. İkinci artefakt Həmədanda (qədim Ekbatana) qeyri-rəsmi qazıntılar zamanı tapıldığı iddia edilən qızıl lövhədir. Parsa padşahı Ariaramnanın adından tərtib edilmiş bu yazıda onun Çispişin oğlu, Əhəmənin isə nəvəsi olduğu bildirilir, lakin sonrakı araşdırmalar göstərmişdir ki, bu lövhə böyük ehtimalla saxtadır. Onun ya qədim dövrlərdə (ehtimal ki, e.ə. IV əsrdə), ya da müasir dövrdə hazırlandığı güman edilmişdir.[14]
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Akbarzadeh (2006), page 56
- ↑ Kent (1384 AP), page 394
- 1 2 3 4 5 6 7 8 Schmitt, 1992
- 1 2 3 4 5 Tavernier, Jan. Iranica in the Achaemenid Period (ca. 550-330 B.C.). Leuven: Peeters. 2007. 518–9. ISBN 9789042918337. OCLC 167407632.
- ↑ Советская этнография №6-7. Москва: Наука. ред. Толстов С. П. 1947. 120.
- ↑ Ельницкий Л.А. Скифия евразийских степей Ист.-археол. очерк. Новосибирск: Наука. Сиб. отд-ние. 1977. 27.
- ↑ The Cambridge History of Iran. Volume 2. Cambridge University Press. ред. Илья Гершевич. 1985. 94. ISBN 978-0-521-20091-2.
- ↑ Leo G. Perdue, Brian W. Kovacs. A Prophet to the Nations: Essays in Jeremiah Studies. Winona Lake, Indiana: Eisenbrauns. 1984. 140. ISBN 978-0-931464-20-1.
- ↑ Henry Smith Williams. The Historians' History of the World: Israel, India, Persia, Phoenicia, Minor nations of western Asia. New York: Encyclopaedia Britannica. 1907. 585.
- ↑ Манифест Кира, § 20—22
- ↑ "Бехистунская надпись Дария I, § 2—4". 29 sentyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2021.
- ↑ Персия, Греция и Западное Средиземноморье ок. 525—479 гг. до н. э. — С. 40—41.
- ↑ ["Геродот. История. Книга VII «Полигимния», § 11". 17 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2021. Геродот. История. Книга VII «Полигимния», § 11]
- ↑ Персия, Греция и Западное Средиземноморье ок. 525—479 гг. до н. э. — С. 41, 43.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Akbarzadeh, D.; Yahyanezhad, A. The Behistun Inscriptions (Old Persian Texts) (Persian). Khaneye-Farhikhtagan-e Honarhaye Sonati. 2006. ISBN 964-8499-05-5.
- Kent, Ronald Grubb. Old Persian: Grammar, Text, Glossary (Persian). translated into Persian by S. Oryan. Pizhūhishkadah-i Zabān va Gūyish bā hamkārī-i Idārah-i Kull-i Umūr-i Farhangī. 2005. ISBN 964-421-045-X.
- Şablon:Cite encyclopaedia