Məzmuna keç

Mirzə Əsədullayev

Vikipediya, azad ensiklopediya
Mirzə Əsədullayev
Mirzə Şəmsi oğlu Əsədullayev
26 dekabr 1918 – 14 aprel 1919
Əvvəlkivəzifə təsis edilib
SonrakıAğa Əminov
Şəxsi məlumatlar
Doğum tarixi 1875(1875)
Doğum yeri
Vəfat tarixi 14 aprel 1938(1938-04-14) (62–63 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Bobini müsəlman qəbiristanlığı[d]
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
Fəaliyyəti siyasətçi, iş adamı
Atası Şəmsi Əsədullayev
Həyat yoldaşları Ümmülbanu Ağa Musa qızı Nağıyeva
Tamara Bəybulatovna Datiyeva
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Şəmsi oğlu Əsədullayev (1875, Bakı – 14 aprel 1938, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsini icra etmişdir.[1]

Mirzə Əsədullayev 1875-ci ildə Bakıda milyonçu ailəsində anadan olmuşdur. Mirzənin atası iri sahibkar, neft sənayeçisi, ictimai xadim Şəmsi Əsədullayev olmuşdur. Orta təhsilini Bakı gimnaziyasında alan Mirzə Əsədullayev erkən yaşlarından atasının neft şirkətində əmək fəaliyyətinə başlamışdır. Ata Əsədullayev Moskva şəhərinə köçəndən, yəni 1903-cü ildən sonra Bakıdakı neft şirkəti ilə bağlı bütün məsələləri Mirzə həll etmişdir.[1][2]

Mirzə Əsədullayev ailəsinə məxsus şirkətin hasil etdiyi neftin ixrac məsələləri ilə bağlı vaxtaşırı Rusiyaya getməli olurdu. Müəyyən vaxtlarda Moskva və Sank-Peterburq şəhərlərində yaşamış və rus mədəniyyəti ilə yaxından tanış olmuşdur.[1]

O, təhsilini rus dilində almışdı. Ana dilini mükəmməl bilməməsi ona işində maneçilik törədirdi. 1912-ci ildə Moskva Konservatoriyasında oxuyan, özündən 10 yaş kiçik Üzeyir bəydən ana dili dərsləri almışdır. Bu barədə Üzeyir bəyin Parisdə təhsil alan qardaşı Ceyhun bəy məktubunda yazmışdır.[1]

İctimai xadim kimi

[redaktə | vikimətni redaktə et]

Mirzə Əsədullayevin ictimai xadim kimi fəaliyyəti çoxşaxəli olmuşdur. Onun sədrlik etdiyi Müsəlman Xeyriyyə Cəmiyyəti müxtəlif mütərəqqi tədbirlər həyata keçirmiş və maarifçilik işində fəallıq göstərmişdir.

XX əsrin əvvəllərində onu Azərbaycan dilində mətbu orqanların az olması ciddi narahat edirdi. Odur ki, 1915-ci il martın 11-də "Qardaş köməyi" adlı qəzet buraxmağa başlayır, lakin qəzetin cəmi bir nömrəsi işıq üzü görür. Həmin yeganə nömrədə bildirilir ki, buradan əldə olunacaq gəlir hərbzadə müsəlmanların xeyirinə, o cümlədən Birinci Dünya müharibəsi zamanı çar ordusundakı azərbaycanlılardan ibarət süvari qoşun hissələrinin döyüşçülərinə sərf ediləcək.

Bakıda erməni-rus birləşmələrinin təxribatlarından sonra Mirzə Əsədullayev ailəlikcə İrana köçməyə məcbur olur. 6 ay İranda yaşayan ailə yenidən Bakıya qayıdır.[3]

Ticarət və Sənaye naziri vəzifəsində

[redaktə | vikimətni redaktə et]

1917-ci il fevral inqilabından sonra, yəni mart ayında Mirzə Əsədullayev Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. Növbəti, 1918-ci ildən isə Bakı neft sənayeçiləri qurultayı şurasının sədri olur. Həmin ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən neft sənayeçiləri qurultayı şurasından cümhuriyyət parlamentinə üzv seçilir.[1]

Mirzə Əsədullayev "Müsavat" və bitərəf fraksiyasına daxil idi. 1918-ci il dekabrın 26-da Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin təşkil etdiyi üçüncü hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsini icra etmişdir. Mirzə Əsədullayev Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına və yerli sənayenin inkişaf etdirilməsinə ciddi səy göstərmişdir.[1] Mirzə Əsədullayevin özü də bir çox ölkələrdə filial və şöbələri olan böyük neft firmasına rəhbərlik etmişdir.[3]

O, nazir olduğu aylarda bir sıra qanunlar qəbul edilmişdi. Məsələn, hökumətin hazırladığı 20 fevral 1919-cu il tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilirdi. Əsədullayevin rəhbərlik etdiyi nazirliyin nəzdində Xarici dövlətlər və bir-birinə yaxın sahələrlə əmtəə mübadiləsi komitəsi fəaliyyət göstərirdi. Komitənin əsasnaməsində vurğulanırdı ki, bu strukturun mühüm vəzifələrindən biri respublikanın iqtisadi və maliyyə vəziyyətinin əsası olan neft ixracını və satışını təşkil etməkdir.[1]

1919-cu ilin yazında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət kabineti istefaya çıxdı. Bu səbəbdən Mirzə Əsədullayev də nazir vəzifəsini tərk etdi.[1]

Sovet hökuməti dövründə

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milyonçu Şəmsi Əsədullayevin mülkiyyəti milliləşdirildi. Mirzə Əsədullayev isə 1920-ci ilin 27 mayında həbs edildi.[4] Dindirilmə Protokolu bu müqəddimə ilə başlayır: "45 yaşlı, evdə təhsil almış, atasının yanında işləmiş (tacir), inqilabdan sonra atasının işini davam etdirmiş, valideynləri tacir olan, hazırda "Şəmsi Əsədullayev adına firmada işləyən Mirzə Əsədullayev".[5] Qısa vaxtdan sonra azadlığa buraxıldı. Elə həmin il Azərbaycanda hakimiyyətə başlayan sovetlərdən icazə alıb 1921-ci ildə Fransaya mühacirət etdi. Mirzə Əsədullayev ömrünün sonuna kimi Fransanın paytaxtı Parisdə yaşamışdır.[1][6] 1927-ci ildə Parisdə Azərbaycan Neft Sənayeçiləri İttifaqı adlı təşkilat yaradıb və həmin təşkilatın prezidenti olub.[7][8]

1938-ci il aprelin 14-də Parisdə vəfat edib və Bobini qəbiristanlığında dəfn olunub.[8][9][7]

Əsədullayeva bacıları

Birinci evliliyi Ümmülbanu Ağa Musa qızı Nağıyeva (?–1905) ilə olmuşdur. Ümmülbanu xanım Ağa Musa Nağıyevin qızı idi. Dördüncü övladını dünyaya gətirərkən vəfat etmişdir. Övladları:[10]

  • Kövsər Əsədullayeva — birinci dəfə Bakıda Həsənovla, ikinci dəfə Parisdə Kevork Məlikyanla (Georgi Məlikov) ailə həyatı qurub. Birinci evlilikdən olan oğlu İsmayıl Həsənov 1917-ci ildə 3 yaşında Bakıda vəfat edib. İkinci evlilikdən olan oğlu Əsədulla Suren Məlikyan-Şirvani Fransada sənətşünas, sənət tarixçisi, İran incəsənəti və mədəniyyəti üzrə mütəxəssisdir.[11]
  • Sürəyya Əsədullayeva — Fərrux bəy Vəzirovun oğlu Murad bəy Vəzirovla (1897–?) evli olmuşdur. Oğlu Fərrux Vəziri (daha sonra Tommi Franklin; 1920–1976) Fransada idman jurnalisti olaraq fəaliyyət göstərmişdir.[12]
  • Kübra Əsədullayeva (1901–1985) — həvəskar rəssam olub. Sankt-Peterburqda Teakston (ing. Theakston) soyadlı ingilis səhmdarla ailə həyatı qurub.[11]
  • Ümmülbanu Əsədullayeva (1905–1992) — Fransada Banin adı ilə yazıçı olmuşdur. "Qafqaz günləri", "Paris günləri" və başqa əsərlərin müəllifidir.[3]

İkinci evliliyi Avropada təhsil almış zadəgan osetin Tamara Bəybulatovna Datiyeva (1892–1965) ilə olmuşdur.[1][10] Bu evlilikdən Şəmsi Əsədullayev (1915–1982) adlı oğlu olmuşdur.[10]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Əliyeva, İradə. "Ömrünü qürbətdə başa vurdu". "Azərbaycan" qəzeti. 28 may 2014. 26 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018.
  2. ↑ Mirzəyeva, Ülkər. ""Nobel qardaşlarının qənimi" Şəmsi Əsədullayev" (PDF). Finansist (4). 2013: 25. 8 mart 2022 tarixində arxivləşdirilib (PDF).
  3. 1 2 3 "Xarici yaşayan tanınmış azərbaycanlılar. Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva)". Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi. 2 noyabr 2015. 29 aprel 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2018.
  4. ↑ Şüküroğlu, Lətif. "Milyonçu mesenatın nazir övladı: Mirzə Şəmsi oğlu Əsədullayev". 525-ci qəzet. 13 iyun 2018. 15 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2026.
  5. ↑ Şüküroğlu, Lətif. "Milyonçu mesenatın nazir övladı: Mirzə Şəmsi oğlu Əsədullayev". 525-ci qəzet. 14 iyun 2018. 15 may 2026 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2026.
  6. ↑ "Əsədullayev Şəmsi" (PDF). 20 mart 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 noyabr 2018.
  7. 1 2 Həsənov, 2016. səh. 72
  8. 1 2 Tahiroviç, Tahir. "Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi". lent.az. 17 yanvar 2018. 18 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2018.
  9. ↑ Abutalıbov, Ramiz. "Qürbətdə qəbirlər" [Могилы на чужбине]. Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin xəbərləri (rus). Bakı: "Adiloğlu" nəşriyyatı (6). 2007: 87. ISBN 978-9952-25-073-2.
  10. 1 2 3 Абуталыбов, Рамиз. "Азербайджанский некрополь во Франции" (PDF). İRS (4 (52)). 2011: 18–19. 7 aprel 2018 tarixində arxivləşdirilib (PDF).
  11. 1 2 "Azərbaycanlı milyonçular, AXC nazirinin erməni nəvəsi: "Həmin vaxt bərk sarsıntı keçirdim"". hafiztimes.com. 30 oktyabr 2019. 24 yanvar 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2026.
  12. ↑ ""Ailəmin mirasından heç bir mənfəət güdmürəm" – Azərbaycanlı milyonçu və nazirin fransız varisi". hafiztimes.com. 23 avqust 2019. 6 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2026.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]